Bərk buğda sortlarının istehsalı və emalını artıra bilsək, əsas ixracatçılardan ola bilərik
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai AZƏRTAC-a müsahibəsində institutun maddi-texniki bazasının gücləndirilməsi, aparılan seleksiya tədbirləri, əldə olunan yüksək məhsuldar sortlar barədə danışıb. Müsahibəni təqdim edirik:
- Cavanşir müəllim, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazası seleksiya və tarla tədqiqatları aparılması üçün kifayət qədər imkanlara malikdir?
- Bildiyiniz kimi, texnologiyalar da, imkanlar da ildən-ilə dəyişir, genişlənir. Yeni texnologiyalar olmadan, elmi nailiyyətlərdə böyük uğurlar əldə etmək mümkün deyil. Dünya Bankı ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində institutun maddi-texniki bazasının yeni avadanlıqlarla zənginləşdirilməsi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə böyük dəstəkdir.
Əvvəlcə onu qeyd edim ki, dənin keyfiyyəti və toxumun keyfiyyəti kimi müxtəlif anlayışlar mövcuddur. Dənin keyfiyyəti onun yapışqanlılıq və başqa bu kimi xüsusiyyətlərini yoxlamaqdır, toxumun keyfiyyəti isə onun təsərrüfat yararlılığı ilə müəyyənləşir.
İnstitutumuza həm dənin, həm də toxumun keyfiyyətinin müəyyən olunması üçün müxtəlif avadanlıqlar alınıb. Elastikliyin yoxlanılması, dənin sayılması üçün avadanlıqlar dənin keyfiyyətini ölçmək məqsədilə əldə etdiyimiz cihazlardandır. Taxılın nəmliyinin müəyyənləşdirilməsi üçün alınan portativ cihaz bizə taxılı biçmədən tarlada nəmliyini öyrənmək imkanı yaradır. Yeni alınmış toxum cücərmə kabinələri toxumun keyfiyyətini müəyyənləşdirmək üçün vacib avadanlıqlardan sayılır.
- İnstitutla tanışlığımız zamanı bərk buğda ilə işləmək üçün bir neçə cihaz göstərdiniz…
- Biz bərk buğdanın keyfiyyətini öyrənmək və Azərbaycanda buğdanın bu növünün geniş əkilməsini sınaqdan keçirmək istəyirik. Ölkəmizin iqlimi bərk buğda üçün münasibdir. Dünya bazarında bərk buğdanın qiyməti çörəklik buğdanın qiymətindən 2 dəfə artıqdır. Sınaqlarımız uğurlu olarsa, bərk buğdanın istehsalını və emalını artıra bilsək, əsas ixracatçılarından biri də biz ola bilərik. “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində bizə bərk buğdanın üyüdülməsi üçün dəyirman alınaraq verilib.
- Yeni sortların yaradılması, seleksiya tədbirləri üçün hansı texnologiyalardan istifadə edirsiniz?
- Bizimlə əməkdaşlıq müqaviləsinin bir komponenti də seleksiya ilə bağlıdır. Biz ildə 15000-20000 seleksiya materialı üzərində tədqiqat aparırıq. Bunun da mərhələləri var. Ən son mərhələdən keçən toxumları qeydiyyata alırıq. Biz əvvəllər seleksiya materialları üzərində iş apardıqda sünbülü primitiv dərzlə döyərdik. Bu da müxtəlif seleksiya materiallarının bir-birinə qarışmasına səbəb olardı. İndi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin yardımı ilə primitiv dərzimiz müasir sünbüldöyənlərlə əvəzlənib. Bundan başqa, bizə seleksiya fəaliyyətimiz üçün 2 kombayn verilib. Seleksiyayönümlü bu kombaynlar materialların seçilməsində bizə rahat işləmək imkanı yaradır. Əgər əvvəllər bitkilərin bir-birinə qarışmaması üçün bir sahədən digərinə keçəndə bir qədər sahəni biçib, yığılan taxılı atırdıqsa, indi bu kombaynlar bizə itkisiz işləmək imkanı verəcək.
- Cavanşir müəllim, seleksiya təsərrüfatlarında müasir toxum məntəqələri quraşdırılıb. Toxum istehsalçılarının bu məntəqələrdə işləmək imkanı olacaq?
- Bizim 6 təsərrüfatımız var və seleksiya işləri həmin təsərrüfatlarda aparılır. Bu təsərrüfatlarımız üçün toxumtəmizləmə avadanlıqları alınması çox vacib idi. Çünki toxumun müasir tələblərə cavab verməsi aktual problemlərdən biridir. Köhnə avadanlıqlarla təmiz toxum almaq üçün onu biz bir neçə dəfə təmizləyici avadanlıqdan keçirirdik. Bu da həm çox vaxt, həm də enerji tələb edir. Yeni məntəqələr müasir texnologiyalar hesabına yenilənərsə, toxumun qiyməti düşə bilər.
- Həm fermerlər, həm də istehlakçılar tez-tez bizim məhsuldarlığı ilə fərqlənən keyfiyyətli sortlarla maraqlanırlar. Bizdə belə sortlar var?
- Bir neçə gün əvvəl iri taxılçılıq şirkətlərindən biri bizim “Qobustan” sortunu və xarici sortları keyfiyyət göstəricilərinə görə sınaqdan keçirib. “Qobustan” sortunun zülalı və yapışqanlığı analiz nəticələrində yüksək çıxdığından doğruluğuna şübhə yaranıb. Öz nəticələrinin doğruluğuna əmin olmaq üçün nümunələri Avstriyaya da göndəriblər. Nəticələr Avstriyada da təsdiqlənib. Doğrudan da Azərbaycanın iqlim şəraiti buğdada zülalın yüksək miqdarının toplanmasına imkan verir. Çünki bizdə günəşli günlərin sayı çoxdur.
- Amma buğdanın çörək bişirməyə yararlı olduğunu göstərən başqa indikator var. Bu indikatora nail olmaq Azərbaycan kəndlisi üçün çətindir…
- Bəli, buğdada yapışqanlığın deformasiya indeksi deyilən bir göstərici var. Bu göstərici ilə 1-ci keyfiyyət qrupuna düşmək bizdə çətindir. Nəticə günəşli günlərin sayından, intensivliyindən, vaxtından asılıdır. Məsələn, Rusiyada və eləcə də Qərbi Avropa ölkələrində yay aylarında temperatur tədricən qalxmağa başlayır. Bizdə isə may ayında birdən-birə istilər düşür və nəticədə məcburi yetişmə baş verir. Bu isə zülalın strukturunda pozuntulara gətirib çıxarır. Ona görə də Rusiyadan gətirilən buğda toxumları yalnız həmin ilin keyfiyyət göstəricilərinə görə dövlət standartlarına cavab verir. Həmin sort növbəti ilin məhsulu üçün əkildikdə görürük ki, göstəricilər dəyişir. Ancaq bu, o demək deyil ki, 1-ci keyfiyyət qrupuna düşməyən buğdadan çörək bişirmək olmaz. Bizim 2-ci keyfiyyət qrupuna düşən buğdalardan da çox yüksək keyfiyyətli çörək alınır. Ətrinə də, dadına da söz ola bilməz.
- Belə bir fikir var ki, buğdanı yığdıqdan sonra bir müddət anbarda saxlamaq olarsa, yapışqanlığın lazımi göstəricisini almaq mümkündür.
- Hər bir sortdan, - söhbət çörək bişirməyə yararlı yumşaq buğdadan gedir, - taxıl yığılan kimi çörək bişirmək olmaz. Taxıl bir müddət saxlanılmalıdır. Buna “yığımdan sonrakı yetişmə dövrü” deyilir. Bu vaxt sortun bioloji xüsusiyyətindən asılı olaraq 10 gün də ola bilər, 1-2 ay da. Yığılmış taxıl bu müddətdə anbar şəraitində yetişməlidir. Çünki məhsul yığımdan dərhal sonra lazımi göstəriciləri almır. Fermerlər də buğdanı bir müddət saxlamalıdır...
- Amma fermerin yeri yoxdur...
- Məsələ də bundadır. Kiçik fermerlərin yeri yoxdur. Olsa da, dezinfeksiya və dezinseksiya vasitələrindən istifadə edilmir. Havalandırma şəraitinə, temperatura, rütubətə nəzarət edilməlidir, zərərverici və gəmiricilərdən qorunmalıdır. Buğdanın rüşeymi zədələndisə, o, istifadəyə yararsız olur. Amma böyük şirkətlər belə şəraiti yarada bilirlər. Taxıl elevatorlarda saxlanılır. Orada qeyd etdiyim göstəricilər də avtomatlaşdırılmış şəkildə tənzimlənir.
- Belə çıxır ki, yığımdan dərhal sonra məhsulunu satan fermer qiymətdə itirir - buğda aşağı göstəricilərlə aşağı qiymətə alınır, amma saxlandıqdan sonra dəyəri qalxır...
- Buğdanın saxlanma şəraitini təmin etmək üçün fermer vəsait xərcləməlidir. Digər tərəfdən, bu il qiymətlər münasibdir. Baxmayaraq ki, məhsuldarlıq yüksəkdir, buğdanın qiyməti 30 qəpiyədək qalxıb. Bizdəki qiymət artıq dünya bazarındakı qiymətə çatıb.
- Ümumiyyətlə, Azərbaycanda buğda əkmək lazımdır? Məhsuldarlıq səviyyəsi bunun sərfəli olduğunu söyləməyə imkan verir?
- Buğda strateji məhsul sayılır, ərzaq səbətində çörək ilk yerdə durur. Bizim təbii şəraitimiz də bu vacib məhsulu yetişdirməyə imkan verdiyinə görə xoşbəxt ölkələrdən sayıla bilərik. Bizdəki buğda məhsuldarlığını Avropa ölkələri ilə müqayisə etsək, onlarda məhsuldarlığın yüksək olduğunu görərik. Xüsusilə, Almaniyada, Fransada hektardan 60-80 sentner məhsul yığılır. Buna həmin ölkələrin iqlim şəraiti imkan verir. Amma bizim də müəyyən fərqimiz var. Azərbaycanda buğdanın vegetasiya dövrü ildən asılı olaraq Aran bölgələrdə 215-230 gün arasında davam edir, yəni məhsul tez yetişir. Amma Qərbi Avropa ölkələrində isə bu dövr 260 gündən çox davam edir. Belə gec yetişdiyinə görə də məhsul lazımi kondisiyaya çatır, bitki məhsuldar və keyfiyyətli olur. Rusiyanın Krasnodar diyarında buğdanın orta məhsuldarlığı 55 sentnerdir. Amma, ümumilikdə, Rusiya üzrə orta məhsuldarlıq son beş ildə 23-32 sentner təşkil edib.
- Yüksək məhsuldarlıq üçün fermerlər hansı sortları əkə bilərlər?
- Xarici ölkələrdə yüksək məhsuldarlıq göstəricisi olan sortları Azərbaycanda əksək, eyni göstəricini verməyəcək. Səbəbi də, yenə təkrar edirəm, torpaq və iqlim şəraitidir. Ona görə də yaxşı olar ki, bizim fermerlər öz buğda sortlarımızı əksinlər. Bu sortlar bizim zona, torpaq və iqlim şəraitimizə uyğun olaraq yetişdirilib. Buğdanın müxtəlif həyat tərzləri var – payızlıq, yazlıq və fakultativ buğdalar. Hər bir dövrdə inkişafı normal gedən sort əkilməlidir. Məsələn, payızlıq buğdanı yazda əksən, sünbül verməyəcək. Fazalar arasındakı inkişaf normal getdikdə, məhsul normal yetişir, məhsuldarlıq da, keyfiyyət göstəriciləri də yüksək olur.
- Əgər adla desək, suvarmada və dəmyədə hansı sortlarımızı əkməyi tövsiyə edirsiniz?
- Bizim “Qırmızı gül 1” suvarma şəraitində ən yaxşı sort sayılır. Həmçinin “Murov 2”, “Şəfəq 2”, “Zirvə 85”, “Azəri”, “Aran” sortları suvarma şəraitində əkilmək üçün yaradılıb. “Qobustan” sortunu həm suvarmada, həm də dəmyədə əkmək olar. Bu sort yüksək məhsuldarlığı ilə seçilir. Hektardan 60-70 sentner məhsul götürən şirkətlər var. Dəmyə şəraiti üçün digər sortlardan “Qızıl buğda”, “Ləyaqətli 80” sortlarını qeyd etmək olar. Bir məqamı da qeyd etmək istəyirəm, bizim fermerlər sovet dövründən qalma ənənə ilə daha çox qırmızı dənli buğdalara üstünlük verirlər. Çünki qırmızı dənli buğda sortları əsasən Rusiyada, eləcə də Qərbi Avropa ölkələrində daha çox becərilir. Səbəbi də odur ki, yağış yağdıqda ağ dənə malik sünbüllər nəmi özünə tez çəkir, sünbül üzərində cücərmə baş verir. Bu da məhsulu zay edir və keyfiyyəti aşağı salır. Biz isə belə bir problemlə çox nadir hallarda üzləşirik. Ağ dənli buğdalardan da yüksək keyfiyyətli çörək alınır.
- Cavanşir müəllim, fermerlərin öz sahələrinə qulluğu qənaətbəxşdir? Xırda fermerlərin sahələrinə baxdıqda, alaq otlarının çoxluğu kifayət qədər qulluq olunmadığını göstərir. Bunun səbəbi nədir?
- Kiçik fermerlər çox zaman öz toxumlarından istifadə edirlər. Bu il əkdikləri ərzaqlıq buğdanı xəlbirlə ələyib, gələn ilə toxumluq saxlayırlar. Bu zaman da buğda ilə bərabər, vələmir, qanqal və başqa alaq otlarının toxumları da qalır. Bir neçə gün əvvəl telekanallardan birində süjet gördüm. Şamaxıda yol qırağında əkin sahələri içərisində bitən lalələri qırmaq üçün yolla keçənlər sahələrə girir, əkini tapdalayır, zərər verirlər. Fermer də bundan şikayət edir. Amma heç diqqət etmir ki, o sahədə lalə ilə yanaşı, nə qədər qanqal, vələmir görünür!
Halbuki, vələmirə, alağa qarşı mübarizə elə də çətin deyil – cəmi 15-20 manat xərc çıxır. Alağın olması isə məhsula xeyli zərər verir. Təsəvvür edin ki, 1 hektara 4-5 milyon bitki düşməlidir, hər kvadratmetrə də 3-4 alaq düşsə, hektara 30-40 min alaq edir. Bu alaq da buğdanın torpaqdakı bütün qidasına və nəmliyinə “ortaq çıxır”, inkişafına mane olur, sonra da toxumu məhsulun içərisinə qarışır. Dövlət Taxıl Fonduna buğda alınan zaman da müəyyən tələblər verilir və bu tələblərdən biri də dən qarışığının 5 faizdən, zibilin (alağın) 2 faizdən artıq olmamasıdır. Amma böyük təsərrüfatlarda belə deyil. Onlar gübrələri də vaxtında verir, zərərvericilərə qarşı da mübarizəni vaxtında aparırlar. Bitkinin əsas gövdəsindən çıxan yan budaqlar çox zaman gövdəyə çata bilmir və günəş şüasını zəif alır. Sünbülü xırda olur. Boy tənzimləyiciləri verdikdə, belə problemi aradan qaldırırlar. İri təsərrüfatlar bunu da edə bilirlər.
- Bu problem necə həll edə bilərik?
- Biz mütləq kooperasiyaya getməliyik. Xırda torpaq sahibləri güclərini birləşdirməlidir. Təəssüf ki, fermerlər sözlərini bir yerə qoya bilmirlər. Beləliklə torpaq sahələrinin strukturu pozulur. Məsələn, məlumatlı fermerlər taxılı biçən kimi sahəni şumlayırlar. Digərləri yox. Bütöv sahəyə baxırsan, bəzi hissələr şumlanıb, bəziləri yox – belə nizamsız fəaliyyətlə torpağı yandırırlar. Belə hallar torpağın mikroflorasının məhv olmasına gətirib çıxarır. Halbuki, keyfiyyətli məhsul üçün torpağa azot, kalium, fosfor mütləq verilməlidir. Bizim kiçik fermerlər ancaq azot verirlər və tək azot da torpağı korlayır. Heç olmasa, torpağa üzvi gübrə, məsələn peyin də vermirlər. Kooperasiya yaranarsa, təsərrüfatlar böyüyər və torpağın rütubətini saxlamaq üçün qara herik də saxlamaq, torpağı dincə də qoymaq olar.

Xəbər 166 dəfə oxundu.