Ermənistanda cinayət hadisələrinin sayı artır
Paşinyan hökumətinin vədlərinə baxmayaraq, cinayətkarlıq səngimir

Ermənistanda baş verən «məxməri inqilab»dan sonra erməni cəmiyyəti ölkədəki cinayətkarların cəzalandırılacağına, günahsızların isə azadlığa buraxılacağına ümid edirdilər. Belə ki, onların Paşinyana ümidləri böyük idi. Bu ümidi onlarda elə ilk gündən Paşinyan verdiyi vədlərlə formalaşdırmışdı. Doğrudur, Paşinyan baş nazir kimi, hakimiyyətə gəldikdən bir müddət sonra, onun yeni təyin etdiyi Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan ölkədə korrupsiya sxemi üzrə hərəkət edən, cinayət törətməkdə şübhəli bilinən şəxslərin siyahısını açıqlayacağına söz vermişdi. Lakin erməni cəmiyyətinin gözləntisinə baxmayaraq, bütün bunlar hələ ki, öz reallığını tapmayıb. Amma əsas reallıq budur ki, bu gün də Ermənistanda cinayətkarlıq halları səngiməyib. Bunu Ermənistan polisi də son hesabatında etiraf etmək məcburiyyətində qalıb. Belə ki, onlar son günlər ölkədə, əsasən, orta ağırlıqlı cinayətlərin sayının artdığını bildirirlər. Bunu Ermənistandakı son iki günün hadisələri də təsdiq edir.

Ermənistanın məhkəməsinin sabiq rəhbərinin evinə hücum edilib
Erməni mətbuatının verdiyi məlumata görə, avqustun 28-də gecə saatlarında avtomatla silahlanmış üç maskalı şəxs Ermənistanın kassasiya məhkəməsinin sabiq sədri Arman Mkrtumyanın evinə hücum edib. Baş vermiş insidentlə bağlı danışan Ermənistan İstintaq komitəsi rəhbərinin müşaviri Sona Truzyan hücum zamanı İrəvandan 16 kilometr məsafədə yerləşən Dzorahbür kəndindəki malikanədə Mkrtumyan və onun ailə üzvləri olublar. Onun sözlərinə görə, ətrafa nizamsız atəş açan silahlı şəxslərdən biri saxlanılıb, ikisi isə hadisə yerindən qaçıb. İnsident nəticəsində yaralananların olduğu bildirilir.
Xatırladaq ki, Arman Mkrtumyan 2008-2018-ci illərdə Ermənistanın kassasiya məhkəməsinin sədri postunu tutub.

Erməni zabit intihar edib?
Ermənistan ordusunda korrupsiya və rüşvətxorluq hallarının hələ də tüğyan etməsinə baxmayaraq, yerli mətbuata bu barədə yazılar verməyə qoyulmuş qadağalar bu gün də qalmaqdadır. Lakin bütün bunlara baxmayaraq, erməni ordusundakı nizamsızlıq, silahlı qüvvələrin idarə olunmasının aşağı səviyyədə təşkili, yüksək çinli zabitlərin tabeçiliyində olanları öz şəxsi maraqlarına tabe istəyi son anda «intihar» kimi qələmə vverilsə də, əslində bunun kökündə başqa nüanslar gizlənir. Beləliklə, ermənilərin «Aysor» saytında yer alan məlumatda Ermənistanın hərbi hissələrindən birində baş leytenant Karen Samveloviç Ovanisyanın cəsədinin tapıldığı barədə yazı yer alıb. Ermənistan Hərbi İstintaq İdarəsinin verdiyi məlumata görə, Karen Ovanisyan baş nahiyəsindən aldığı güllə yarası nəticəsində ölüb. Sayt hadisənin bütün hallarını öyrənmək üçün zəruri istintaq hərəkətlərinin aparıldığını bildirir.

MTX ölkədə yoxlamalar aparır
Ermənilərin "Jamanak" qəzetinin verdiyi məlumata görə, Milli Təhlükəsizlik Xidməti ölkənin bütün regional və icma idarələrində ciddi yoxlamaya başlayıb. Nəşrin yazdığına görə, yoxlama nəticəsində region administrasiyalarının, bələdiyyə başçılarının və icma idarələrinin fəaliyyətləri ətraflı araşdırılaraq mümkün sui-istifadələrə baxılacaq. Erməni mənbələrinin verdiyi məlumata görə, yoxlamaların həcminin böyük olacağı göstərilir. Şübhəsiz ki, bu cür yoxlamalar sonda kriminal əməllərin sayının artmasına səbəb olacaq.
Ağasəf Babayev

Xəbər 111 dəfə oxundu.