Ruhaninin parlamentdə verdiyi hesabat deputatları razı salmadı
İranda dövlət işçiləri casusluqda ittiham edilərək tutulub İran prezidenti Həsən Ruhani ölkə parlamentinin hazırkı iqtisadi vəziyyətilə bağlı ünvanlanan 5 suala cavab vermək üçün parlamentin səhər sessiyasında iştirak edib. Prezidenti xarici işlər naziri Məhəmməd Cavad Zərif, sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari, kəşfiyyat naziri Mahmud Ələvi, elm və texnoloji işlər üzrə vitse-prezident Sorena Sattari, kənd təsərrüfatı naziri Cihad Mahmud Hojiqati və daxili işlər naziri Əbdülrza Rəhmani Fazli müşayiət edib. Bu barədə "İRNA" xəbər agentliyinə büdcə təşkilatının rəhbəri Məhəmməd Baqir Nobaxt məlumat verib. TRT xəbər verir ki, millət vəkilləri 30 dəqiqə ərzində suallarını veriblər, Həsən Ruhani isə onlara 1 saat ərzində cavab verib. İran millət vəkilləri Həsən Ruhaniyə mal və valyuta qaçaqmalçılığı, bank sanksiyalarının davam etdirilməsi, işsizlik səviyyəsi, iqtisadi inflyasiya, "Forex" dərəcəsinin artırılması və yerli valyutaya nəzarət edilməməsi ilə bağlı suallar veriblər. Kabinetin fəaliyyətini müdafiə edən Ruhani, iqtisadi problemlərin Amerika Birləşmiş Ştatlarının sanksiya tətbiqinə yenidən başlaması ilə yarandığını qeyd edib və suallara cavab verib. Lakin İran prezidentinin 5 cavabından yalnız biri - bank sanksiyalarının davam etdirilməsi məsələsindəki cavabı parlament tərəfindən məqbul hesab edilib. Onun digər cavabları millət vəkilləri tərəfindən qeyri-məqbul hesab edilərək rədd edilib. Qeyd edək ki, İran prezidenti Həsən Ruhani bundan əvvəl parlamentə gələrək hesabat verməkdən boyun qaçırmaqda ittiham edilirdi. Bu arada İran İslam Respublikasının kəşfiyyat naziri Mahmud Ələvi ölkədə müxtəlif cinayətlər planlaşdıran onlarla casusu zərərsizləşdirdiklərini açıqlayıb. Kəşfiyyat xidmətinin casuslara qarşı bölməsinin əməliyyatlarından danışan iranlı nazir zərərsizləşdirilən casusların müxtəlif dövlət qurumlarında işlədiklərini və əsasən, ikili vətəndaşlığa sahib olduqlarını açıqlayıb. Nazir ayın əvvəllərindən bəri güclü əməliyyatların aparıldığını və ölkədə məzhəb münaqişəsi yaratmağa çalışan bir qrup casusun zərərsizləşdirildiyini, onların arasında 5 sünni din xadiminə qarşı sui-qəsd təşkil etmək istəyən şəxslərin də olduğunu diqqətə çatdırıb. Mahmud Ələvi metro stansiyalarında və universitetlərdə də təşkil edilməsi planlaşdırılan bir neçə terror aktının qarşısının alındığını sözlərinə əlavə edib. Nazir əlavə edib ki, xüsusi xidmət orqanları ötən il ərzində terrorçulara məxsus 230 hücrəni məhv edib. Bundan başqa, nazir deyib ki, təxminən 32 terror qruplaşması İranı Suriyaya çevirməyə çalışıb.

Anar

Xəbər 67 dəfə oxundu.