Doğru siyasət gənc nəslin düzgün inkişafının təməlidir
XX əsr Azərbaycan romantik ədəbiyyatının görkəmli nümayəndəsi, filosof, şair və dramaturq Hüseyn Cavid vaxtilə yazırdı ki, bir millətin tərəqqi və tədənnəsini, yəni inkişafını bilmək üçün onun məktəblərini görmək kifayətdir. Son illər Naxçıvan Muxtar Respublikasında aparılan tikinti-quruculuq işlərində məktəb tikintisinin üstünlük təşkil etməsi göstərir ki, blokada şəraitində olmasına baxmayaraq, muxtar respublika inkişaf edir və dahi Hüseyn Cavidin təbirincə desək, məktəb tikintisinin geniş vüsət alması millətimizin inkişaf yolunda olduğunun bariz nümunəsidir.
Bu gün muxtar respublika rəhbərliyinin gərgin əməyi və yorulmaz fəaliyyəti nəticəsində ən ucqar dağ kəndlərində tikilib istifadəyə verilən müasir məktəb binalarının ən qabaqcıl Avropa ölkələrində mövcud olan təhsil kompleksləri ilə müqayisəsi göstərir ki, Naxçıvanda şəhər və kənd arasındakı fərqliliklər aradan tamamilə götürülüb və muxtar respublikanın dağ kəndlərində tikilən məktəb binaları müasir dillə ifadə etsək, Avropa standartlarına tam uyğundur. Bu məqamda bir maraqlı müqayisə aparmaq yerinə düşərdi. Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etmiş gənc ölkədir və muxtar respublika da uzun illərdir ki, mənfur ermənilərin apardığı siyasət nəticəsində Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdür, lakin düşmən ölkənin təcrid siyasəti rəhbər qətiyyəti nəticəsində inkişaf və tərəqqiyə heç bir maneə yarada bilməmişdir.
Təbii ki, bu gün Azərbaycanı və onun ayrılmaz parçası Naxçıvanı iflasda olan Ermənistanla heç cür müqayisə edə bilmərik, çünki Naxçıvanla müqayisədə Ermənistan iqtisadi səviyyəsinə görə aşağıdır. Tam qətiyyətlə deyə bilərik ki, turizm potensialı ilə şöhrət qazanmış qonşu Gürcüstanın nəinki orta, hətta ali məktəb binaları Naxçıvanla müqayisədə geridə qalır. Son illər iki dəfə - 2015-ci ilin sentyabr və 2018-ci ilin aprel aylarında tarixən Qafqazın mədəni paytaxtı hesab olunan Tbilisidə beynəlxalq elmi konfranslarda və təlimlərdə iştirak etdiyim zaman yaxından müşahidə etmişəm ki, Naxçıvanın məktəb və ali təhsil müəssisələrinin müasir üslubda inşa edilən binaları və maddi texniki bazası Gürcüstanın orta və ali təhsil ocaqlarındakından qat-qat üstündür. Diqqəti cəlb edən məsələ odur ki, elmi konfransda təqdim etiyimiz slaydlarda Naxçıvanın müasir görnüşünü görən xarici mütəxəssislər öz təəccüblərini gizlədə bilməmiş, doğrudan da, blokada şəraitində yaşayan bir bölgənin şəkillərini siz təqdim edirsiniz? - kimi suallar da vermişlər. Qeyd etməliyəm ki, bu suallarla müaraciət edənlər arasında təkcə MDB ölkələrinin deyil, Avropa və Amerikanın da mütəxəssisləri yer alır
Maraqlı cəhət ondan ibarətdir ki, qloballaşan dünyada müasir inkişaf və tərəqqi yolunu seçmiş bir çox millətlər kosmopolitizm ideyalarının qurbanına çevilərək öz milli soy-kökündən ayrılmaq, tarixini, mədəniyyətini, ulu keçmişini unutmaq təhlükəsi ilə üz-üzə qalıblar. Amma tam qətiyyətlə demək olar ki, Naxçıvanda belə problemlərlə üzləşmək üçün heç bir zəmin yoxdur, çünki Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, tarixi və siyasi prosesləri dərindən bilən və təhlil edən cənab Vasif Talıbovun gərgin əməyi sayəsində muxtar respublikada müasir inkişaf milli ənənələr əsasında aparılır, milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində əməli addımlar atılır. Bu mənada Qərbin bəzi ideoloji təbliğat vasitələri Naxçıvanda öz ideyalarını həyata keçirməkdə çətinlik çəkir, regionun milli təhlükəsizliyi tarixi, milli konseptual əsaslarla qorunur. Belə ki, Naxçıvanda “Yolumuz Qərbə, yönümüz Şərqədir” prinsipləri ən yüksək səviyyədə təbliğ edilir, milli əsaslara söykənən həm İslam mədəniyyəti, həm də Qərb təkamülünə əsalanan yeni inkişaf modeli təqdim olunur.
Tarix sübut etmişdir ki, o xalqlar xoşbəxtdir ki, onların arzu və istələkləri ilə rəhbərin yürütdüyü siyasət üst-üstə düşür, xalqın ürəyindən keçənlər rəhbərin fəaliyyətində öz əksini tapır. “Ernest Heminquey və Şərq” mövzusunda tədqiqat apardığımız zaman yazıçının “Kilimancaro ətəklərində” və “İlk şəfəqə doğru” əsərlərində diqqətimizi cəlb edən bir məsələni oxucularla paylaşmaq istəyirəm. Bu gün dünyanın ən güclü dövləti hesab olunan Amerika Birləşmiş Ştatlarında cərəyan edən bəzi neqativ hadisələr Amerikanın tanınmış yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyi dərindən narahat edir. Yazıçının uşaqlıq illərinin qəhrəmanı 1901-1909-cu illərdə Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti olmuş Teoder Ruzvelt (1858-1919) “İlk şəfəqə doğru” əsərində idmançının söhbətlərində onu ruhlandıran tarixi şəxsiyyət kimi yüksək dəyərləndirilir. Əsərdə qeyd olunur ki, Teoder Ruzvelt həm həyatının əvvəlki, həm də Ağ evdəki fəaliyyəti dövründə ən yaxşı idmançıları toplayaraq, idmanı milli siyasətin əsas tərkib hissəsinə çevirir. Bununla yanaşı, Teoder Ruzveltin Amerika Birləşmiş Ştatlarında milli parkların mühafizəsi, ətraf mühitin qorunması, yeni meşə zolaqlarının yaradılması istiqamətindəki əməli fəaliyyəti, Amerika ictimaiyyətinin təbiətə qarşı amansız münasibətinin dəyişməsini şərtləndirir. O, “Kilimancaro ətəklərində” əsərində təbiətdə baş verən arzuolunmaz parçalanmanı pisləməklə, cəmiyyətdəki irqi-ayrı-seçkilik məsələlərinə mətnaltı məna ilə işarə edir və belə qənaətə gəlir ki, təbiətin qorunması və inkişafı istiqamətində Teoder Ruzveltin apardığı uğurlu siyasət, heç də həmişə insani dəyərlərin tam qorunmasını təmin etmir. Yazıçı təəssüf hissi ilə qeyd edir ki, kaş Ruzvelt təbiətin qorunması istiqamətində apardığı siyasətini cəmiyyətdə də tətbiq edib, insanları qoruya biləydi. Bir növ yazıçı öz yaşadığı dövrdə baş verən hadisələri tarixi şəxsiyyətlə əlaqələndirib humanist siyasi şəraitin mövcud olmasını və bu istiqamətdə cəmiyyətin inkişaf etməsini arzulayır. Bu faktı qeyd etməkdə məqsədim ondan ibarətdir ki, muxtar respublikada təbiətin qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirirlir və yeni yaşıllıq zolaqları yaradılır, lakin Amerika cəmiyyətindən fərqli olaraq bu tədbirlər insan faktorunun qorunması və inkişafı ilə paralel aparılır. Bu mənada zəngin tarixi keçmişə malik olan xalqımız fəxr edə bilər ki, onun arzu və istəkləri dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Əlbəttə, bütün sahələrdə müşahidə edilən tərəqqi və inkişafın əsas mərkəzində cəmiyyətə layiq vətəndaşların yetişdirilməsi dayanır və oxucuların diqqətini bir məsələyə yönəltməyi vacib hesab edirəm. Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2017-ci il 28 avqust tarixdə “Oxunması zəruri olan kitablar haqqında“ Sərəncam imzalamış və həmin sərəncama 30 kitabın siyahısını əlavə etmişdir. Bundan əlavə, sərəncamda Ali Məclisin Aparatına oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi işini diqqətdə saxlaması tapşırılmışdır. Qeyd etmək lazımdır ki, bu sərəncam böyük tarixi, siyasi, elmi və mədəni əhəmiyyətə malikdir və cəmiyyətin, gənc nəslin inkişafı istiqamətinin müəyyən edilməsinə böyük töhfə verməkdədir. Qloballaşan dünyada yüksək mənəvi idealların saxta ideallarla əvəzləndiyi bir dövrdə yetişən gənc nəsli informasiya cəmiyyətinin bəzi neqativliklərindən xilas edib, yüksək ideallar naminə kitaba yönəltmək çox böyük qətiyyət və vətənpərvərlik tələb edir. Ötən dövrə nəzər saldıqda aydın görürük ki, bu istiqamətdə müntəzəm olaraq iş aparılır və yeni-yeni kitabların adları həmin siyahıya əlavə edilir. Bu sərəncamdan sonra cəmiyyətimizdə kitaba maraq xeyli artmışdır.
“Oxunması zəruri olan kitablar”ın siyahısına nəzər saldıqda həm Azərbaycan, həm də Dünya ədəbiyyatının nümayəndələrinin əsərlərini görə bilərik. Belə ki, bu sərəncam gənc nəsli həm milli vətənpərvər, həm də dünyəvi proseslərdən məlumatlı olmağa və dünya mədəniyyətinə yaxından bələd olmağa səsləyir. “Oxunması zəruri olan kitablar”ın siyahısına görkəmli Amerika yazıçısı Ernest Heminqueyin “Qoca və dəniz” povesti də daxil edilmişdir. Fikrimizcə, Ernest Heminquey irsinin təbliği və öyrənilməsi istiqamətində muxtar respublikada həyata keçirilən işlər təqdirəlayiqdir. Muxtar respublika rəhbərliyinin diqqət və qayğısı, görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetində 2002-ci ildən “Heminquey Mərkəzi” fəaliyyət göstərir. Hesab edirəm ki, bu mərkəz Şərq və Qərb mədəniyyətinin birgə öyrənilməsi üçün mənəvi körpü rolunu oynamaqdadır. Naxçıvanda Ernest Heminquey irsini araşdırarkən yazıçının Azərbaycan adının “Əcəl zəngi” əsərində istifadə etməsi faktını üzə çıxarmaqla göstərdik ki, bu gün muxtar respublika rəhbərliyinin elmə göstərdiyi qayğı nəticəsində Naxçıvanda aparılan elmi tədqiqat işləri də milli əsaslara söykənməklə, yeni faktları üzə çıxarmaqla Azərbaycan elminə öz töhfəsini verməyə cəhd göstərir. Çünki indiyə qədər Azərbaycanda aparılmış elmi tədqiqat işlərində yazıçının əsərlərinin Azərbaycanda tərcümə edilməsi məsələlərinə, öyrənilmə səviyyəsinə toxunulsa da, Azərbaycan adlı məmləkəti tanıması və bu qədim diyarın adını “Əcəl zəngi” əsərində işlətməsi barədə elmi məqalələrdə bəhs olunmamışdır. Maraqlıdır ki, ispan mövzusundan bəhs edən “Əcəl zəngi” romanı özünün bir sıra maraqlı cəhətləri, faşizmə qarşı oxucuda nifrət oyatması ilə seçilir. Xüsusilə romanın başlanğıcında tanınmış ingilis şairi Conn Donnun (1572-1631) söylədiyi və Ernest Heminqueyin əsərə epiqraf kimi seçdiyi aşağıdakı fikirlər diqqəti cəlb edir: “Elə bir insan yoxdur ki, ada kimi tək-tənha dayanıb dursun, hər insan qitənin bir parçası, qurunun bir parçasıdır. Dalğalar sahildə dikələn qayanı qoparıb aparsa, sahilin bir guşəsini qoynuna alsa, sənin, ya sənin dostunun qəsrini uçurub dağıtsa, Avropa kiçilər; hər insanın ölümü də eləcə, mənim ömrümü qısaldır, çünki mən bəşəriyyətlə vəhdətdəyəm, ona görə kilsə zənginin harayını eşitsən, heç vaxt soruşma ki, kimdir dünyadan köçən? Sənsən dünyadan köçən”. Romanın digər maraqlı cəhəti Ernest Heminqueyin “Pravda” qəzetinin jurnalisti ilə söhbəti əsnasında SSRİ adlı dövlətə daxil olmuş respublikaların heç birini deyil, məhz Azərbaycanda yaşayan insanların azadlığa meyilliliyi, ədalətsizliyə qarşı mübarizliyinin əks olunmasıdır. Amerika ədibinin əsərində ölkəmizin adının yer alması Ernest Heminqueyin Azərbaycanın sərhədlərini tanımasını göstərir. Yazıçı “Əcəl zəngi” romanında yazır: “Karkov əmin idi ki, onun sadəliyi ancaq xeyir verir, o, xeyirxah məqsədlə işə qarışmağın gücünə inanırdı.
- Bilirsinizmi, SSRİ-də, hətta Azərbaycanın kiçik bir şəhərində də ədalətsizliyə yol verilirsə, mənə “Pravda”nın ünvanına məktub yazırlar. Bu sizə məlumdur? Adamlar deyirlər: Karkov bizim dadımıza çatar”.
Fikrimizcə, Ernest Heminqueyin “Əcəl zəngi” romanında Azərbaycan adının göstərilməsi azərbaycanşünaslıq üçün son dərəcə faydalıdır. Xalqımızın tarixi və taleyi üçün çox onəmli olan bu ifadə erməni lobbisinin güclü fəaliyyət gostərdiyi Amerikada ermənilərə ən yaxşı cavab olmaqla yanaşı, Azərbaycanın tanıdılması üçün də çox böyük əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitablar”ın siyahısının zənginləşdirilməsi tövsiyəsini nəzərə alaraq, Ernest Heminqueyin “Əcəl zəngi” romanının da siyahıya daxil edilməsini zəruri hesab edirik.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin "Mən istərdim Azərbaycan gəncləri Şekspiri ingilis dilində, Puşkini rus dilində, Nizamini isə Azərbaycan dilində oxusunlar" fikri bir daha göstərir ki, müstəqil Azərbaycan dövlətinin banisi ulu öndərin daxili, xarici və gənclərlə bağlı uzaqgörən siyasəti Azərbaycanın gələcək inkişafının təməlidir. Bu gün Naxçıvanda böyüyən gənc nəsil ulu öndərin ideyalarına sadiqlik nümayiş etdirməklə, öz düzgün və parlaq gələcəklərini təmin etmiş olurlar. Doğrudan da, düzgün tərbiyənin əsası ilk gənc yaşlarından qoyulur və böyüən gənc nəsil qürurla fəxr edə bilər ki, ölkəmizdə onların gələcəyini düşünən, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik siyasət mövcuddur və bu siyasət bizim hər birimizin inkişafını istiqamətləndirir. Yolumuz uğurlu, rəhbərimiz həmişə var olsun, əziz Azərbaycan gəncliyi!
Süsənbər Ağamalıyeva
Filologiya üzrə fəlsəfə doktoru
Naxçıvan


Xəbər 614 dəfə oxundu.