UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq növbəti üç komanda məlum olub

Avqustun 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan növbəti üç komandanın adı məlum olub.

AZƏRTAC xəbər verir ki, Hollandiyanın PSV komandası Belarusun BATE klubunun qapısından üç cavabsız top keçirərək qrup mərhələsinə vəsiqə qazanıb. UEFA Çempionlar Liqasında III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Belarusun BATE klubu ilk oyunda doğma meydanda Hollandiyanın PSV klubuna 2:3 hesabı ilə məğlub olmuşdu.
Digər qarşılaşmada Portuqaliyanın "Benfika" klubu Yunanıstanın PAOK komandasının qonağı olub. Matç "Benfika"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliyada keçirilən ilk qarşılaşma isə 1:1 başa çatmışdı.
İlk oyunda Belqradda qolsuz heç-heçənin qeyd alındığı "Salzburq" (Avstriya) - "Srvena Zvezda" (Serbiya) görüşünün cavab qarşılaşması 2:2 başa çatıb. Ümumi hesab 2:2 olduğuna görə UEFA-nın reqlamentinə əsasən səfərdə vurduğu iki qol sayəsində "Srvena Zvezda" dünyanın ən güclü klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək, "Salzburq", PAOK, BATE UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaqlar.

Xəbər 121 dəfə oxundu.