Azərbaycan şahmatçıları Avropa çempionatında ikinci yeri tutublar
Riqada yeniyetmə və gənc şahmatçılar arasında qitə birinciliyi başa çatıb. Turnirdə Azərbaycanın idman şərəfini 8-18 yaş qruplarında oğlanlar və qızlar təmsil ediblər.
AZƏRTAC xəbər verir ki, çempionatda Avropanın 47 ölkəsindən 1074 şahmatçı mübarizə aparıb.
Bu mötəbər yarışda səkkiz yaşlı Azərbaycan şahmatçısı Cahandar Azadəliyev 9 oyundan 8 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
On dörd yaşlı qızların yarışında Ayan Allahverdiyeva da eyni nəticəni göstərərək (9 oyundan 8 xal) Avropa çempionu adına layiq görülüb.
Beləliklə, aktivində iki qızıl medal olan Azərbaycan yığması komanda hesabında Rusiyadan (7 qızıl, 6 gümüş, 3 bürünc) sonra ikinci yeri tutub. Belarus millisi isə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla üçüncü yerdə qərarlaşıb.
Çempionatda ümumilikdə 15 ölkənin idmançıları medal qazanıblar.

Xəbər 47 dəfə oxundu.