İnanıram ki, Azərbaycana səfər iqtisadi əməkdaşlığımıza yeni impuls verəcək

Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar. Biz birlikdə qlobal əhəmiyyətli bir sıra layihələri reallaşdıra bilmişik.

AZƏRTAC Gürcüstan hökuməti administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze Azərbaycana səfərinin nəticələrini şərh edərkən söyləyib.
Baş nazir Azərbaycanda çox məhsuldar görüşlər keçirdiyini bildirərək deyib: “Biz iqtisadi münasibətlərimizi daha da möhkəmləndirəcək yeni layihələri nəzərdən keçirdik, konkret məsələləri qeyd etdik. Bu il bizim ticarət dövriyyəmiz təqribən bir milyard dollar civarında olacaq. Düşünürəm ki, yaxın iki ildə bu rəqəmi 50-60 faizədək artıra biləcəyik”.
Gürcüstanın Baş naziri iki ölkə arasında yeni birgə müəssisələrin yaradılması barədə də razılığın əldə olunduğunu xüsusi vurğulayıb.
O bildirib ki, Gürcüstan regionda Avropa İttifaqı və Çin ilə azad ticarət rejimi olan yeganə ölkədir. “Azərbaycan Gürcüstanın ən iri investorlarından biridir və bu istiqamətdə əlbəttə ki, olduqca böyük potensial mövcuddur”-, deyə Baş nazir vurğulayıb.
M.Baxtadze iki ölkə arasında maliyyə sahəsi ilə bağlı da əlavə məsləhətləşmələrin aparılacağını söyləyərək deyib: “Bu gün ölkələrimiz arasında azad ticarət rejimi xidmət sahəsinə şamil olunmur. Bu sahədə də əlavə araşdırmalar aparılacaq və hesab edirəm ki, azad ticarətlə bağlı yeni rejim Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın artırılmasına töhfə verəcək”.

Xəbər 122 dəfə oxundu.