Bakı-Yessentuki-Kislovodsk avtobus reysi fəaliyyətə başlayır
Sentyabrın 13-dən etibarən hər həftənin 4-cü günü Bakı vaxtı ilə saat 17:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Yessentuki-Kislovodsk avtobus reysi həyata keçiriləcək. Avtovağzaldan AZƏRTAC-a bildirilib ki, avtobusun Kislovodsk şəhərinə çatma vaxtı növbəti gün saat 9:00-dur. Avtobusun Kislovodskdan geriyə yola düşmə vaxtı bazar günü saat 12:00, Yessentukidən yola düşmə vaxtı isə 13:00-dur. Biletin bir istiqamət üzrə qiyməti 70 AZN təşkil edir.
Bakı-Yessentuki–Kislovodsk reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir. Sərnişinlərdən xahiş olunur ki, biletləri mütləq şəkildə onlayn qaydada və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından əldə etsinlər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Sərnişinlərin istəyinə uyğun olaraq, 5 yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.
Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda, sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub. Sərnişin sıxlığı çox olarsa, əlavə reys açıla bilər. Ətraflı məlumat əldə etmək üçün (012) 406 01 58, (012) 406 01 59 telefon nömrələri vasitəsilə əlaqə saxlamaq olar.

Xəbər 89 dəfə oxundu.