Aİ-Ermənistan müqaviləsinin taleyi: 2017-ci il sazişini ermənilərin “təftiş“ cəhdləri
Son vaxtlar Ermənistanın siyasi və ekspert dairələrində "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində 2017-ci ildə İrəvanla Brüssel arasında imzalanmış "geniş və hərtərəfli əməkdaşlıqla" bağlı sənəd geniş müzakirə olunur. Ekspertlər həmin sənədin konkret bəndlərini təhlil ediblər. Belə qənaətə gəlinib ki, əslində, "geniş və hərtərəfli" ifadəsi rəmzi xarakter daşıyıb, real bazaya malik deyil. Ermənistan Avropa İttifaqı ilə həqiqi əməkdaşlıq etmək imkanlarına malik deyil. Tərəflər, sadəcə, bir-birlərinə formal əlaqələr prizmasından yanaşırlar. Bunun isə praktiki nəticəsi ola bilməz. Məsələ ondan ibarətdir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü kimi əsas əməkdaşlıq istiqamətini birdəfəlik seçib. Onun bu təşkilatdan çıxması perspektivdə belə mümkün deyil. Çünki Kreml Ermənistanın təsir altından çıxmasına qətiyyən imkan verməz. Bununla yanaşı, Ermənistan geosiyasi aspektdə özünü xeyli dolaşdırıb. O, obrazlı desək, növbəti dəfə quyuya düşüb. Bu kimi məsələlərin analizi maraqlı olardı.

İmkansız tərəfdaş: Brüsselin formal müqaviləsinin ziddiyyətləri
"Atlantic Council" analitik mərkəzinin eksperti Anders Oslund (İsveç) Ermənistanın Avropa İttifaqı ilə imzaladığı son sazişi "mənasız sənəd" adlandırıb (bax: Anders Åslund. Does the EU Even Care about Eastern Europe Anymore? / Atlanticcouncil.org, 27 noyabr 2017). Avropalı mütəxəssis arqument kimi tərəflərin bir-biri ilə əməkdaşlıq etməsi üçün lazımi bazanın olmamasını gətirir. Eyni zamanda, onların real qarşılıqlı əməkdaşlıq həvəsində və imkanında olmadıqlarını da vurğulayır.
Bəzi erməni "ekspertləri" istisna olmaqla əksəriyyət bu qənaətdədir. 2017-ci il noyabrın 24-də Brüsseldə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Aİ ilə İrəvan "geniş və hərtərəfli əməkdaşlıq haqqında müqavilə" imzalayıblar. Sənədə görə, tərəflər qarşılıqlı əməkdaşlığı genişləndirməyə və dərinləşdirməyə razı olduqlarını bildiriblər. Ancaq bunun reallaşdırılması mexanizmi ekspertlərdə ciddi suallar doğurur.
Problemin kökü 2013-cü ilin sentyabrında İrəvanın Aİ ilə assosiativ üzvlük haqqında sazişi imzalamaq əvəzinə, gözlənilmədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına gedib çıxır. Bu dəyişiklik o demək idi ki, Rusiya öz forpostunun Avropa ilə əməkdaşlığına ciddi sərhədlər qoyur. Assosiativ üzvlükdən imtina faktiki olaraq Aİ ilə Moskvanın göstərişlərinə uyğun davranılacağının siqnalı idi. O zaman Brüssel İrəvandan incimişdi. Müəyyən təmaslar olsa da, ciddi əməkdaşlıq yox idi. Müqayisə üçün deyək ki, Azərbaycanın xarici ticarətinin 50 faizi Aİ ölkələrinin payına düşür. Bu, real tərəfdaşlıq və bərabərhüquqlu əməkdaşlıq deməkdir. Ermənistan isə müstəqil surətdə heç bir tutarlı proqramı Aİ ilə həyata keçirmir. Onun iqtisadi, ticari, enerji və təhlükəsizlik problemləri birbaşa Kremldən asılıdır. Və onun əmrinə uyğun da həllini tapır.
Məsələn, Ermənistan ekspertlərinin özləri də yazırlar ki, "Qazprom" faktiki olaraq Ermənistan iqtisadiyyatına nəzarət edir (bax: məs., Наира Айрумян. Угрожает ли Соглашение Армения-ЕС Газпрому / Lragir.am, 1 dekabr 2017). Bu şirkət öz maraqlarına zidd olaraq Avropa İttifaqının Ermənistan iqtisadiyyatına ciddi yatırımlar etməsinə razı olmaz. Rusiyalı mütəxəssislər Aİ-Ermənistan sazişində yer almış bir neçə bənd üzrə bunu sübut edirlər. Məsələn, Metsamor AES ilə bağlı situasiyanın tam qeyri-müəyyən olduğu vurğulanır. Qeyd edilir ki, bu stansiyanın bağlanmasını Brüssel çoxdan tələb edir, ancaq bunun Moskvaya nə dərəcədə uyğun olduğu məlum deyil. Ölkənin elektrik enerjisinə olan tələbatının 40 faizini təmin edən bir stansiyanın bağlandığı halda onu nə ilə əvəz edə biləcəklər?

Problemli İrəvan: bir neçə geosiyasi risk
Rusiya ekspertləri qeyd edirlər ki, "bu, Moskvanın deyil, İrəvanın öz problemidir" (bax: məs., Ирина Алкснис. Договор Армении с Евросоюзом: почему это не проблема России / РИА Новости, 18 noyabr 2017). Ancaq məsələnin bir ucunun Rusiyanın Ermənistandakı enerji varlığına gəlib çıxdığı şübhə doğurmur. Buna görə də Metsamor AES yalnız Ermənistanın problemi deyil. Rusiya onun hansı müəssisə ilə əvəz ediləcəyi ilə çox maraqlanır.
Başqa bir məqam saziş imzalanandan dərhal sonra İranın iş adamlarının Ermənistana səfər etməsi ilə əlaqəlidir. Niyə Aİ ölkələri deyil, məhz İran? Bunu erməni ekspertlər belə izah edirlər ki, İran daha ucuz qiymətə qaz təklif edir. Onlar hesab edirlər ki, Aİ ilə saziş Ermənistanın Rusiyanın təsirindən çıxması anlamına gəlir və həmin məkanda İran Rusiyaya enerji sahəsində rəqib ola bilər. Təbii ki, Moskva bunu da qəbul etməz və onun əks-reaksiyası qaçılmazdır. O cümlədən "Qazprom" öz sözünü deyəcək.
Maraqlıdır ki, iranlılarla yanaşı çinlilər də Ermənistanla iqtisadi-ticari əlaqələrə kiçik də olsa meyl göstərməyə çalışırlar. Bunların Aİ-dən deyil, başqa ölkələrdən olması daha düşündürücüdür və həyata keçə bilməyəcəyinin göstəricisidir. Çünki İran və Çinin Avropaya aidiyyəti yoxdur və əslində, onların Ermənistanda nəsə etmək istəyi birbaşa Avropa İttifaqına əlcək atmaqdır. O halda Ermənistanın həmin ölkələrlə geniş əməkdaşlığı alınan deyil.
Bununla yanaşı, mütəxəssislər imzalanan sazişdə başqa bir ziddiyyəti də görürlər. Sənəddə Aİ-nin erməni ailəsində zorakılıq və kobudluqla bağlı bənd də vardır (bax: əvvəlki mənbəyə). Avropa tələb edir ki, Ermənistan bu kimi hallarla qəti mübarizə aparsın. Təbiətən kobud olan ermənilər isə bunu milli heysiyyətlərinə toxunmaq kimi qiymətləndirirlər. Bu səbəbdən erməni ailəsində ənənənin dəyişmə ehtimalı çox azdır. Deməli, sənəddə göstərilən bir bənd üzrə də hansısa müsbət nəticə alınıb-alınmayacağı məlum deyil.
Bunlarla yanaşı, Ermənistanla Aİ arasında imzalanan 350 səhifəlik sənədin geosiyasi aspekti də xeyli suallar meydana çıxarır. Burada başlıca olaraq aşağıdakı məqamlara diqqət yönəldirlər. Hər şeydən əvvəl, Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olması faktı vurğulanır. Xatırladaq ki, Moskvanın Ermənistanın Aİ-yə assosiativ üzv olması ilə bağlı əsas iradı azad ticarət zonasının yaradılması ilə bağlı idi. Kreml qəti şəkildə tələb edirdi ki, Ermənistan Avropa ilə azad ticarət zonası yaratmasın, çünki bu halda Rusiya bazarı nəzarətsiz mallarla dolacaq. Bu da Rusiyanın iqtisadi planlarına heç uyğun deyildir. Rusiya rəhbərliyi ciddi surətdə İrəvana bildirdi ki, azad ticarət zonasını Aİİ tərkibində yarada bilər. Nəticə Kremlin istədiyi kimi oldu. İndiki sazişdə də azad ticarət zonası məsələsi yoxdur. Onda həmin müqavilənin mənası nədir?
Bir çox erməni ekspertləri yazır ki, orada azad ticarəti qismən əvəz edə biləcək bir məqam vardır. Avropa İttifaqı "G2+" deyilən bir formulla erməni mallarına cüzi gömrük haqqı, yaxud bir sıra növlərə ümumiyyətlə vergi istəmədən əməkdaşlığı qəbul edir. Təcrübə göstərir ki, bu da formal şeydir. Məsələ burasındadır ki, Aİ hətta azad ticarət zonası yaratdığı Gürcüstan bazarında belə bir dəyişiklik edə bilmir və ya istəmir. Qərb ekspertləri bunu belə izah edirlər ki, Brüsselin bu işlərə maliyyə ayırmağa həvəsi yoxdur. Bu səbəbdən də Ermənistanla imzalanan saziş çox az miqdarda erməni məhsulunu Avropa bazarına çıxarmağa imkan verə bilər ki, bunun da hiss ediləcək təsiri olmayacaq.
Eyni zamanda, "G2+" formulu Aİ ölkələri mallarının Ermənistan bazarına maneəsiz çıxarılmasına imkan vermir. Deməli, bu formul baş aldatmaq üçündür. Sistemli şəkildə hansısa müsbət nəticə verməsi imkansızdır.
Nəhayət, sözügedən sazişin mənasızlığı geosiyasi aspektdə Ermənistanın özünü daha dolaşıq vəziyyətə salmasından başqa bir şeyi ifadə etmir. Çünki bu proses son halda Rusiyanın Ermənistana daha sərt təsir etməsi ilə sonuclana bilər. Həm də Moskva Aİ ilə münasibətlərdə daha geniş manevr imkanları əldə etmiş olur. Faktiki olaraq Kreml Ukrayna, Moldova və Gürcüstanla əlaqəli Brüsselin daha anlaşıqlı davranması üçün Ermənistanı "yem" kimi onlara atıb. Yəni Ermənistan növbəti dəfə oyuncaq rolunu oynamağa sövq edilib.
İrəvanın Aİ ilə imzaladığı saziş İranla münasibətlərdə Ermənistanın müəyyən risklərlə üzləşə biləcəyi anlamına gəlir. Təsadüfi deyil ki, iranlılar məhz həmin müqavilənin mürəkkəbi qurumamış rəsmi İrəvanın qapısını kəsdiriblər. Onlar açıq işarə edirlər ki, əməkdaşlığı İranla etməlisən, çünki ən çətin zamanlarda Avropa deyil, İran sizlərə "həyat yolu" olub.
Bütün bunlar onu göstərir ki, Ermənistan Avropa İttifaqı ilə əməkdaşlıq haqqında müqavilə imzalamaqla, reallıqda heç bir problemini həll etməyib. Əksinə, azərbaycanlılar demişkən, "özünü işə salıb", "ilişdirib". Görünür, yaxın perspektivdə Ermənistanın hazırkı "inqilabçı" rəhbərlərinin əsas işi bu quyudan çıxış yolu axtarmaqda keçəcək. Bununla o, inkişafdan daha nə qədər qalacaq? Doğrusu, rusiyalı ekspertin dili ilə desək, "bu da Ermənistanın öz problemidir"!

Newtimes.az

Xəbər 70 dəfə oxundu.