Azərbaycandakı sosial iqtisadi inkişaf ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirir

Azərbaycanda gedən iqtisadi inkişaf ölkədə sosial sahənin də müasirləşməsinə yol açır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
O qeyd edib ki, ölkəmizdəki sosial-iqtisadi inkişaf Azərbaycanın dünyaya inteqrasiyasını sürətləndirir. A.Badamov deyib ki, sentyabrın 1-dən verilməsinə başlanacaq Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən elektron şəxsiyyət vəsiqələri dünyanın əksər inkişaf etmiş ölkələrində istifadə olunur.
Biometrik şəxsiyyət vəsiqələrinin üstünlüyündən bəhs edən deputat vurğulayıb ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə respublikanın Ədliyyə, Səhiyyə nazirliklərinin, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, Dövlət Əmlak Məsələləri Komitəsinin informasiya resurslarından istifadə edilməklə zəruri məlumat mübadiləsinin aparılması, həmçinin vəsiqə sahibinin gücləndirilmiş elektron imzasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzindən alınması üçün qarşılıqlı əlaqənin yaradılması təmin olunub.
Bundan əlavə, yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə zəruri avadanlıqlar ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında və “ASAN xidmət” mərkəzlərində quraşdırılıb, texniki parametrlərinin və iş göstəricilərinin yoxlanılması məqsədilə onlara sınaq baxışları keçirilib, yeni texnika ilə işləyəcək əməkdaşlar üçün müvafiq treninqlər keçirilib.

Xəbər 149 dəfə oxundu.