Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, cari ilin iyul-avqust aylarında keçirilən müsabiqədə 46 min 839 namizəd iştirak edib. Onlardan 4 min 53-ü müəllim adını qazanaraq işə qəbul olunub.
Müsabiqədən uğurla keçənlər sentyabrın 5-dək müvafiq yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.
Namizədlər müəllimlərin işə qəbulu müsabiqəsi ilə əlaqədar apellyasiya müraciətlərini sentyabrın 3-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin irm@tipii.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Qeyd edilən müraciətlərə sentyabrın 6-da İnsan Resursları Mərkəzində müvafiq Apellyasiya Komissiyası tərəfindən baxılacaq.
Sentyabrın birinci yarısında isə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək.

Xəbər 163 dəfə oxundu.