“Trabzonspor“-“Qalatasaray“: dörd cavabsız qol

Futbol üzrə Türkiyə Superliqasının dördüncü turunun növbəti oyununda son çempion "Qalatasaray" klubu turnir cədvəlinin 9-cu pilləsində yer alan "Trabzonspor"un qonağı olub.

AZƏRTAC xəbər verir ki, meydan sahiblərinin üstünlüyü şəraitində keçən matç "Trabzonspor" komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab erkən açılıb. Qarşılaşmanın 3-cü dəqiqəsində Ogenyi Onazi fərqlənib. İstanbul komandasının qapısından digər iki qolu görüşün 25-ci və 45-ci dəqiqələrində Antoni Nnaduzor Nvakaeme keçirib. Oyunun sonuna yaxın Caleb Ekuban hesab arasındakı fərqi dörd topa çatdırıb.
Bununla da Fatih Terimin yetirmələri cari mövsümdə ardıcıl üç qələbədən sonra ilk məğlubiyyətin acısını yaşayıblar.
Bu komandalar Türkiyə çempionatında indiyədək 111 dəfə qarşılaşıblar. Oyunlardan 36-da "Trabzonspor", 51-də "Qalatasaray" üstün olub, 24 görüş isə heç-heçə başa çatıb.
Gərginliyi ilə yadda qalan qarşılaşmada baş hakim Fırat Aydınus futbolçulara üç sarı və bir qırmızı kart göstərib. "Cimbom"un oyunçusu Younes Belhanda 30-cu dəqiqədə qırmızı kartla cəzalandırılıb.
Bu acınacaqlı məğlubiyyətə baxmayaraq, hesabında 9 xal olan "Qalatasaray" Superliqada liderliyini qoruyub. "Trabzonspor" isə 7 xalla beşinci sıraya yüksəlib.
Dördüncü tur çərçivəsində sentyabrın 2-də çempionluğa əsas namizədlərdən biri "Beşiktaş" komandası səfərdə "Bursaspor"la qarşılaşacaq.

Xəbər 52 dəfə oxundu.