Azərbaycan Rusiyanın geostrateji maraqlarına anlayışla yanaşır
Azərbaycan öz coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, rus mədəniyyəti ilə ənənəvi əlaqələri baxımından Rusiya üçün böyük maraq və dəyər kəsb edir. Xüsusən ona görə ki, respublikada rus dili, birgə tarix, iki yüz il ərzində xalqlarımızı birləşdirən nə varsa, hamısı qayğı ilə əhatə olunub və qorunur. Bu fikri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü şərh edərkən söyləyib. Şübhəsiz ki, yüksək səviyyədə müntəzəm görüşlər dövlətlərarası münasibətlərə dinamizm verir, lakin indiki halda bu münasibətlər fundamental əhəmiyyətə malikdir. Hər iki dövlətin başçısı öz çıxışlarında iki ölkə arasında əlaqələrin strateji xarakterini vurğulayıb.
Cəlil Xəlilov qeyd edib ki, biznes sahəsindən siyasətə keçən "strateji tərəfdaşlıq" termini iki ölkənin fəaliyyətinin əlaqələndirilməsinin yüksək formasını, siyasi, sosial, mədəni, iqtisadi sahələrdə resursların qarşılıqlı səmərəli kooperasiyasını göstərir. Azərbaycan və Rusiya arasında əlaqələr strateji tərəfdaşlığın ruhuna və məzmununa tamamilə uyğundur.
İqtisadiyyatın və mədəniyyətin bir çox sahələrində Azərbaycanın Rusiya ilə əməkdaşlıq perspektivləri təqdirəlayiqdir. Belə ki, investisiyalar, ticarət əlaqələri, nəqliyyat kommunikasiyaları genişlənir, humanitar və turizm sahəsində əlaqələr dərinləşir. 2017-ci ilin yekunlarına görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub" qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər böyük beynəlxalq əhəmiyyət daşıyır.
Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır. Elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əlaqələr mövcuddur.
Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Rusiyanın geostrateji maraqlarına anlayışla yanaşır. Rusiya da öz növbəsində Qarabağ problemi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faiz işğal edilməsi ilə bağlı Azərbaycanın narahatlığını bölüşür. "Azərbaycan ictimaiyyəti bu münaqişənin həllində Rusiyanın daha fəal iştirakına ümid bəsləyir. Rusiya öz hərbi müttəfiqi Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasına dair BMT qətnamələrini icra etməklə bağlı birmənalı təsir göstərə bilərdi. Biz bu istiqamətdə Rusiya tərəfdən daha qətiyyətli addımlar gözləyirik", - deyə siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov bildirib.

Xəbər 79 dəfə oxundu.