Qabil Hüseynli: “Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığın böyük ənənələri var”
Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri iki ölkə arasında olan iqtisadi-siyasi bağları daha da möhkəmləndirdi. Bunu səfərin nəticələrinə dair siyasi ekspertlərin səsləndirdikləri fikirlərdən, əldə olunan razılaşma və ayrı-ayrı sahələr üzrə imzalanan əməkdaşlıq sazişlərindən də görmək olar. Ümumiyyətlə, bu səfərin nəticələri bir daha göstərdi ki, nəinki Azərbaycan, eləcə də Rusiya strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bir daha göstərdilər. Nəzərə alsaq ki, Ermənistanın yeni hakimiyyəti ilə Rusiya arasında gərginlik hələ də davam edir, bu mənada, indiki vaxtda Azərbaycanla Rusiya arasında əməkdaşlığın daha da genişləndirilməsi ölkəmizin xeyrinədir. Bu, özünü Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda ədalətli həllində də göstərə bilər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinə əvvəldən də böyük diqqət var idi. Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında görüşmüşdülər. Bu görüşdə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti ilə yenidən görüşəcəyinin anonsunu vermişdi.
Azərbaycan Prezidentinin Rusiyaya səfərinin nəticələri ilə bağlı “Palitra”ya danışan politoloq Qabil Hüseynli deyir ki, səfər və ümumiyyətlə əldə olunan razılıqlar, müzakirələr haqqında danışarkən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olması məsələsi də qeyd edilməlidir: “Bu səfərlə Dağlıq Qarabağ problemi ilə bağlı ciddi müzakirələrin başlanğıcı qoyuldu. Belə ehtimal etmək olar ki, münaqişə ətrafında aparılan bu yeni müzakirələr gələcəkdə müəyyən nəticələr verə bilər. Ümumiyyətlə, dəfələrlə dünyanın əksər dövlətləri, beynəlxalq qurumların demək olar ki, hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar səsləndiriblər. Məsələn NATO-nun son zirvə sammiti ərazi bütövlüyümüzü dəstəkləyən bəyanat verib. Avropa Birliyi, eləcə də onun Parlamenti Azərbaycanın ərazi bütövlüyünü birmənalı qaydada dəstəkləyən bəyanat verib. Bu, 2013-cü ildən artıq bir ənənənə halına çevrilib. Hətta ümumi şəkildə qeyd edilir ki, postsovet məkanındakı bütün münaqişələr hər bir ölkənin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu xoş ənənənin bünövrəsi isə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qoyuldu. Bu təşkilat ən azı on beş ildir ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verir. BMT-nin məlum qətnaməsi isə hər kəsə bəllidir. Yəni ki, indi Rusiya kimi nəhəng bir ölkənin bu məsələdə qətiyyətli mövqe sərgiləməsi qalır ki, bununla bağlı da gələcəyə ümidlə baxırıq”.
Politoloq qeyd etdi ki, Prezidentin səfəri zamanı əsasən, ağırlıqlı olaraq iqtisadi məsələlər müzakirə edildi. İqtisadi məsələlər deyəndə yəni Rusiya investisiyasının geniş həcmdə Azərbaycana gəlməsi və eləcə də qarşılıqlı ticarət dövriyyəsinin artırılması məsələləri oldu: “Bu məsələlərdə nikbin əhval- ruhiyyə göründü, belə ki, qarşılıqlı ticarət dövriyyəsi durmadan artır. Bu istiqamətdə qarşıya məqsəd qoyuldu ki, ticarət dövriyyəsi 2,5 milyard dollardan 5 milyard dollara çatdırılsın. Yəni bununla bağlı yekdil fikir ifadə olundu. Nəzərə alsaq ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir, bu cür razılaşmaların əhəmiyyəti böyükdür.
Bundan başqa Rusiya hərbi sənaye kompleksi məhsullarının ölkəmizə satılmasının davam etdirilməsi barədə fikir səsləndirildi. Gələcəkdə ölkəmizdə Rusiya hərbi zavodlarının filiallarının yaradılması və yaxud da birgə hərbi məhsullar istehsal edən zavodların qurulması məsələsi də müzakirə edilən məsələlər sırasında idi. Bu məsələyə dair də yekdil razılıq qərarına gəlindi.
Bildiyiniz kimi, Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığın böyük ənənələri var. Azərbaycan, Silahlı Qüvvələrinin modernləşdirilməsində Rusiya hərbi sənayesinin məhsullarından istifadə edir. Bu nöqteyi-nəzərdən, sözügedən razılaşma da az əhəmiyyətə malik deyil.
Səfərin nəticəsi olaraq digər iqtisadi və s. kimi məsələlər barədə ciddi razılaşmalar əldə edilməsi, bağlanan sazişlər indiki halda, yalnız bizim xeyrimizə işləyən amildir”.

Siyasi şərhçi Elxan Şahinoğlu isə deyir ki, səfərin əhəmiyyəti əldə olunan razılaşmalardan görünür. O daha çox iqtisadi məsələlərin müzakirəyə çıxarıldığını desə də, siyasi məsələlər ətrafında da ciddi müzakirələrin aparıldığını vurğuladı: “Vladimir Putin İlham Əliyevlə görüşdə iki ölkə arasındakı münasibətlərin çox səmərəli şəkildə inkişaf etdiyini, fəal siyasi dialoq xarakteri daşıdığını bu sözlərlə ifadə etdi: “Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik”. Görüş yekunlaşdıqdan sonra Vladimir Putin Dağlıq Qarabağla bağlı bunları dedi: “Rusiya Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək”. Buna cavab olaraq isə İlham Əliyev Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində mühüm rol oynadığını və Rusiyanın bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid etdiyini vurğuladı. İlham Əliyev ayrıca, onu da bildirdi ki, münaqişənin qısa müddətdə həlli azərbaycanlıların tarixi torpaqlarına qayıdışına və sülhə imkan verəcək. Prezidentlərin qapalı görüşündə də Dağlıq Qarabağ məsələsi müzakirə olundu”.
Tural Tağıyev

Xəbər 136 dəfə oxundu.