Pavel Klaçkov: “Rusiya üçün Azərbaycanın geosiyasi əhəmiyyəti artır”
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi baxımından Rusiya üçün də zəruridir” “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri ölkələrimizin münasibətlərini çox yüksək qarşılıqlı etimad və faydalı əməkdaşlıq səviyyəsinə çatdırdı”. Rusiyalı məşhur politoloq Pavel Klaçkov bu fikri Azərbaycan dövləti başçısının sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfərinin və Prezident Vladimir Putinlə aparılmış danışıqların yekunlarını AZƏRTAC-a şərh edərkən söyləyib. Pavel Klaçkov deyib: “Prezident İlham Əliyevin Rusiyaya səfəri göstərdi ki, ölkələrimiz arasında diplomatik əlaqələr çox yüksək səviyyədədir. Bu qarşılıqlı fəaliyyət həm ikitərəfli münasibətlərin, həm də daha ciddi beynəlxalq problemlərin geniş spektrini əhatə edir. İndi, dünya nizamının formatının dəyişdiyini müşahidə etdiyimiz bir vaxtda hər iki ölkə birgə olmalıdır ki, beynəlxalq siyasətdə bu qeyri-sabitlik dövrünü ən az itki ilə başa vursunlar. Bunun üçün müxtəlif istiqamətlər üzrə, o cümlədən təhlükəsizlik, hərbi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığı möhkəmləndirmək lazımdır. Səfər uğurlu keçdi və qarşıya qoyulmuş bütün hədəflərə nail olundu”. Ekspert Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayaraq deyib: “İki ölkə arasında əlaqələr uzunmüddətli və planlı xarakter daşıyır. Ticarət və neft-qaz sahələrində əməkdaşlığın müsbət nəticələri göz qabağındadır. Biz kənd təsərrüfatı sahəsində əməkdaşlığın vacibliyini də başa düşürük. Rusiya bazarına Azərbaycandan çoxlu kənd təsərrüfatı məhsulları daxil olur. İndi biz səmərəli nəqliyyat modellərini, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin yeni infrastruktur qovşaqlarının yaradılmasını da nizamlamalıyıq. Rusiya üçün Azərbaycanın geosiyasi əhəmiyyəti artır. Biz başa düşürük ki, Hindistana gedib çıxan bu nəqliyyat dəhlizi Rusiya üçün çox vacibdir. Ümumiyyətlə, Azərbaycan ilə Rusiya arasında yaxşı münasibətlər olmasa, bir sıra ölkələrin iqtisadi və təhlükəsizlik problemlərinin həlli mümkün deyil. Cənubi Qafqazda sabitliyin bərqərar edilməsi, burada münaqişəli zonaların olmaması, münasibətlərin kəskinləşməməsi Rusiyanın da maraqlarına uyğundur”. Rusiyalı politoloq deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi baxımından Rusiya üçün də zəruridir. Pavel Klaçkov iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə toxunaraq qeyd edib ki, çoxlu sayda biznes layihələri, xüsusən Taman bərə terminalının tikintisi layihəsi var. Rusiyalı ekspert iqtisadi əlaqələrin genişlənməsində Bakının rolunu vurğulayaraq deyib: “Burada iki yanaşmanın sintezi müşahidə olunur. Biz təhlükəsizliyi təmin etmək üçün hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk. Qarşılıqlı etimadın müəyyən səviyyəsinə çatandan sonra isə iqtisadiyyatı inkişaf etdiririk. Rusiya hesab edir ki, burada ardıcıl irəliləmək üçün çox böyük perspektivlər, geniş imkanlar var. Ölkələrimiz iqtisadiyyatın bir sıra sahələrində, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığı addım-addım genişləndirir, hərtərəfli düşünülmüş tədbirlər həyata keçirirlər”.

Xəbər 50 dəfə oxundu.