Ronaldo, Modriç yoxsa Salah?
FIFA ilin ən yaxşı futbolçusu adına son üç namizədi açıqlayıb. Siyahıda Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo (“Yuventus”, İtaliya), Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç (“Real” Madrid, İspaniya) və Misir yığmasının oyunçusu Məhəmməd Salah (“Liverpul”, İngiltərə) yer alıblar. Beşqat “Best FIFA Football Awards” nominasiyanın qalibi Argentina millisinin və “Barselona” klubunun ulduz oyunçusu Lionel Messi siyahıya daxil edilməyib. Ən yaxşı qapıçıların siyahısında Belçika millisindən Tibo Kurtua (“Real” Madrid, İspaniya), Fransa yığmasından Uqo Lyoris (“Tottenhem”, İngiltərə), Danimarka seçməsindən isə Kasper Şmeyxel (“Lester Siti”, İngiltərə) yer alıblar. FIFA-nın təqdim etdiyi ən yaxşı üç məşqçi siyahısında isə Zlatko Daliç (Xorvatiya millisi), Didye Deşam (Fransa millisi) və “Real” Madrid klubunun sabiq baş məşqçisi Zinəddin Zidan yer alıb. Qeyd edək ki, mükafat sentyabrın 24-də İngiltərənin paytaxtı Londonda təqdim ediləcək.

Xəbər 133 dəfə oxundu.