Türkiyə KİV-i Prezidentin Rusiya səfərini geniş işıqlandırıb
Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri digər ölkələrin KİV-lərində də geniş işıqlandırılıb. O cümlədən qardaş Türkiyənin mediasında bu səfərlə bağlı çoxsaylı yazılar dərc edilib.

“Sondakika.com” saytında “Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Putin ilə Soçidə görüşdü” başlıqlı məqalə dərc edilib. Yazıda qeyd edilir ki, Rusiyaya rəsmi səfər edən Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Soçidə görüşü olub. İki ölkə prezidenti görüşlərdən sonra mətbuata bəyanatla çıxış ediblər. Mətbuat konfransında avqust ayında Prezident İlham Əliyevlə Xəzər Sammitində Xəzər dənizinin hüquqi statusuna dair əhəmiyyətli Konvensiya imzaladıqlarını deyən Rusiya Prezidenti Vladimir Putun bildirib ki, iki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır, dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Keçirilən görüşlərin iki ölkə arasındakı münasibətləri daha da irəliyə apardığını deyən Putin qeyd edib ki, bu görüşlər Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına dəstək verəcəyinə inanır. Azərbaycan Prezidenti ilə imzalanan Birgə Bəyanat, həmçinin hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi məhz buna istiqamətlənib. İlk növbədə, Putin əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını qeyd edib. Bu proqram sənədinə ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə yol xəritələri daxildir. Qeyd edilib ki, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə fəaliyyət göstərir.
Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında bildirib ki, neft-qaz sahəsində əməkdaşlığa dair mühüm sənədlər imzalanıb. Prezident əlavə edib ki, bu, bizim əməkdaşlığımızın ənənəvi sahəsidir.Bu sahədə çox yaxşı potensial və perspektivlər var. Azərbaycanda bir sıra mühüm nəqliyyat, infrastruktur, sənaye layihələrinin həyata keçirilməsində Rusiya banklarının fəal iştirakını çox alqışlayırıq.
“Haberler.com” saytında da eyni başlıqla dərc edilən yazıda ölkə başçılarının görüşü və mətbuata bəyanatla çıxışları yer alıb. Burada regionlararası əməkdaşlıq mövzusunu da müzakirə etdiklərinin deyən V.Putin bildirib ki, 70-dən çox rus iş adamı Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. Bu ilin oktyabrında növbəti regionlararası forum keçiriləcək.
Prezident İlham Əliyev bildirib ki, biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan, Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır.
“Milliyet.com.tr” saytında “Azərbaycan Prezidenti İlham Əliyev Putinlə görüşdü” adlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, görüş zamanı Rusiya Prezidenti iki ölkə arasında əlaqələri strateji tərəfdaşlıq kimi qiymətləndirib. Keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Prezident İlham Əliyev Rusiya Prezidenti ilə müntəzəm görüşlərin iki ölkə münasibətlərinə dinamizm gətirdiyini bildirib: “Bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən biz də məmnunuq. Əminəm ki, bizim bugünkü görüşümüz münasibətlərimizə əlavə impuls verəcək”.
Qeyd edək ki, “Haberturk.com” saytında “Putin və İlham Əliyevdən Qarabağ mesajı! ”adlı, “Sabah.com.tr” saytında “Putin və İlham Əliyev Soçidə Dağlıq Qatrabağ problemini görüşdü”, “Karar.com” və digər saytlarda da Soçi görüşü ilə bağlı yazılar verilib.

Nigar Abdullayeva

Xəbər 128 dəfə oxundu.