ABŞ-dan Fələstinə İordaniya ilə konfederasiya təklifi
ABŞ rəsmiləri tərəfindən Fələstinin dövlət başçısı Mahmud Abbasa təqdim olunan İordaniya ilə konfederasiya qurulması təklifi müzakirə edilir. TRT xəbər verir ki, Fələstin Dövlət Aparatı İordaniya ilə konfederasiya məsələsi ilə bağlı iki xalqın qərar verəcəyini bildirib. Xəbəri Fələstin xəbər agentliyi WAFA yayıb. Fələstin Dövlət Aparatının sözçüsü Nəbil Əbu Rudeynə məsələ ilə bağlı verdiyi açıqlamada İordaniya ilə konfederasiya ideyasının 1984-cü ildən bu yana Fələstin rəhbərliyinin gündəmində olduğunu və Ramallahın o gündən etibarən İordaniya ilə mövcud olan xüsusi münasibətinin əsasını da iki dövlətli həllin təşkil etdiyini vurğulayıb.
İsrailin “Haaretz” qəzetində dərc olunan xəbərə görə, Fələstinin dövlət başçısı Mahmud Abbas Ramallahda "Peace Now" adlı qeyri-hökumət təşkilatı ilə görüşündə ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Jared Kuşner və beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Jason Greenblattın ona İordaniya ilə konfederasiya qurmağı təklif etdiklərini söyləyib.
Xəbərdə Abbasın İsrailin də konfederasiyanın bir hissəsi olması şərti ilə təklifi qəbul edəcəyini ifadə etdiyi bildirilir. Digər tərəfdən, İordaniya hökumətinin sözçüsü Cumanə Quneymat məsələ ilə bağlı yerli mətbuata verdiyi açıqlamada ölkəsinin İordan çayının qərb sahilinə bağlanmasının müzakirə mövzusu ola bilməyəcəyini və bunun imkansız olduğunu söyləyib.
Quneymat ölkəsinin İsrail və Fələstin münaqişəsinə dair iki dövlətli həll ilə bağlı mövqeyinin dəyişməz və dəqiq olduğunu vurğulayıb.
Anar

Xəbər 74 dəfə oxundu.