“Həmvətənlərimiz Krivoy Roq şəhərində həm Azərbaycanın, həm də özlərinin nüfuzlarını qoruyaraq yaşayırlar”

Nahid Zeynalov: “Diasporumuz nə qədər bir olarsa, çəkici də bir nöqtəyə vura bilər”

Ukraynanın mərkəzi ilə yanaşı, regionlarında da azərbaycanlılar diaspor olaraq fəaliyyət göstərirlər. Son zamanlar Ukraynanın Krivoy Roq şəhərində də soydaşlarımız ictimai aktivlik göstərirlər. Elə müsahibimiz də Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy Roq şəhər təşkilatının rəhbəri Nahid Zeynalovdır. Xatırladaq ki, Nahid Zeynalov 1979-cu ildə Cəlilabad rayonunda anadan olub. O, zabit ailəsində böyüyüb. Atası polkovnik-leytenant Sabir Zeynalov Almaniya və Ukraynada hərbiçi kimi çalışıb. Hazırda təqaütdədir və Bakıda yaşayır. Böyük qardaşı mayor Xalid Zeynalov Xüsusi Dövlət Mühafizə Xidmətində işləyir. Nahid Zeynalovun uşaqlıq illəri Almaniyada keçib. 1987-ci ildən isə Krivoy Roq şəhərində yaşayır. Ukraynada orta təhsil alıb. Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin məzunudur. Gənc yaşından ictimai fəaliyyətlə məşğul olub. Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq şəhər təşkilatının gənclər şöbəsinə sədrlik edib. İki ildir isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy Roq şəhəri üzrə rəhbəridir. Ailəlidir. İki oğlu (Əmir və Teymur) var.
- Krivoy Roq şəhərində azərbaycanlıların nüfuzu hansı səviyyədədir?
- Krivoy Roq Ukraynanın sakit şəhərlərindən biridir. Azərbaycanlılar da dünyanın bu ən uzun şəhərində həm Azərbaycanın, həm də özlərinin nüfuzlarını qoruyaraq yaşayırlar. Xüsusən soydaşlarımız yerli xalqa xoş münasibəti ilə seçilirlər. Biz davranışımızda, ictimai fəaliyyətimizdə şəhər əhalisinin də maraq və istəklərini nəzərə alırıq. Ukraynanın əlamətdar günlərini biz də onlarla bir yerdə qeyd edirik. Yerli rəsmilər öz tədbirlərinə bizi də dəvət edirlər. Biz də istənilən dəvəti qəbul edib tədbirlərdə iştirak edirik. Bütün bu etdiklərimiz bizim xalqımızın nüfuzunu bu şəhərdə daha da yüksəldib.
Buradakı soydaşlarımız arasında bir sıra yüksək vəzifələrdə çalışanlar var. Ayrıca
Krivoy Roq, ümumən Ukraynada sayılıb-seçilən ağsaqqallarımız var. Ümumiyyətlə, Ukraynada soydaşlarımız elm, tibb, biznes, mədəniyyət və s. sahələrdə özlərini təsdiq ediblər. Bununla azərbaycanlılar Ukrayanda bu sahələrin inkişafına öz töhfələrini veriblər. Bu müsbət tendensiya Krivoy Roq şəhərində də davam edir. Ukraynanın, o cümlədən Krivoy Roqun hər hansı yüksəlişində zərrə qədər də olsa qatqımızın olması bizi sevindirir.
-Orada soydaşlarımız icma olaraq bir araya gələ bilirlərmi?
-Krivoy Roqda bir neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Bunların hər birinin ümumi məqsədi Azərbaycanı tanıtmaq və təbliğ etməkdir. Ayrı-ayrılıqda bu təşkilatlar müxtəlif tədbirlər keçirirlər. Bizim də diaspor olaraq keçirdiyimiz tədbirlər - milli özünəməxsusluğun qorunub saxlanılmasına, mədəniyyətimizin, adət ənənələrimizin təbliğinə, dövlətimizin maraqlarının müdafiəsinə, ümumilikdə azərbaycançılıq ideyası ətrafında birləşməyə xidmət edir. Lakin bir çox halda diaspor təşkilatlarının çoxluğu birliyə mane olur. Çünki hər bir təşkilat öz ambisiyasını ortaya qoymağa çalışır. Belə olan halda da pərakəndəçilik, ayrımçılıq yaranır. Bu baxımdan təşkilat olaraq bir araya gəlmək tam mümkün olayıb, amma Azərbaycan icması olaraq son zamanlar milli məsələlərdə bir çox halda bir araya gələ bilirik. Çünki hər birimiz azərbaycanlıyıq. Xüsusən xeyir-şər məclislərində icma olaraq toplaşırıq. Biz çalışırıq öz milli kimliyimizi, ənənələrimizi xaricdə qoruyaq və yüksək tutaq.
-Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin barışıq abu-havası Krivoy Roqa gəlib çatıbmı?
- Barışıq, birlik, həmrəylik üçün atılan hər bir addımı yüksək qiymətləndirir və dəstəkləyirik. Dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi ulu öndər Heydər Əliyev tərəfindən diasporun qarşısında qoyulan əsas vəzifədir. Heydər Əliyev hansı ölkəyə gedirdisə, diasporumuzla görüşəndə bu məsələni soydaşlarımıza xatırladırdı. Milli diasporun yaşadıqları ölkələrdə birləşməsi, eləcə də bu istiqamətdə işlər görməsi vacib amildir. Dünyanın hər yerində olduğu kimi, bizim şəhərdə də milli birliyə böyük ehtiyac vardır. Biz bu sahədə çalışmalarımzı davam etdiririk. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən irəli sürülən bu təşəbbüs təqdirəlayiqdir. Ümid edirik ki, bundan sonra Ukraynadakı diasporumuzun aktivliyi artacaq. Bütün hallarda həmrəylik sonda diasporun güc mərkəzinə çevrilməsinə xidmət edir. Diasporumuz nə qədər bir olarsa, çəkici də bir nöqtəyə vura bilər. Məhz bu zaman hər hansı işin effektiv nəticəsi olar. Kim dövlətimizi həqiqətən sevirsə, Prezident İlham Əliyevin siyasətini dəstəkləyirsə, biz onlarla həmrəy şəkildə işləməyə hər zaman hazırıq.
-Yerli rəsmilərin soydaşlarımıza münasibəti necədir?
-Yerli rəsmilərin bizə qarşı münasibəti yaxşıdır. Keçirdiyimiz bütün tədbirlərə rəsmiləri dəvət edirik və onlar da bu kimi tədbirlərdə iştirak edirlər. Yeri gəlmişkən, Dnepropetrovsk vilayətinin, eləcə də Krivoy Roqun bir sıra rəsmi orqanlarında bizim soydaşlarımız da çalışırlar. Ölkədə keçirilən seçkilərdə həmvətənlərimiz də aktivlik göstərirlər. Həmçinin azərbaycanlılar burada bir çox ictimai şuralara üzv də seçiliblər. Rəsmi orqanlarda bu kimi təmsilçilik azərbaycanlılara olan münasibətə müsbət təsir edir. Ümumiyyətlə, biz çalışırıq yerli rəsmi orqanlarla əməkdaşlıq çərçivəsində çalışaq. Ukraynanın ictimai-siyasi həyatında iştirak etməklə Azərbaycan və azərbaycanlılar haqda müsbət imic formalaşdırmağı qarşımıza məqsəd qoymuşuq.
-Bildiyimiz kimi, II Dünya Müharibəsində Ukrayna ərazisində gedən döyüşlərdə azərbaycanlılar da vuruşaraq canlarını fəda ediblər. Siz də bir hərbiçi ailəsində doğulan soydaşımız olaraq belə həmvətənlərimizin orada məzarlarının axtarılması istiqamətində addım ata bilərsizmi?
- II Dünya Müharibəsi illərində azərbaycanlılar da şərəflə döyüşüblər. Bəli, Ukrayna ərazisində də gedən döyüşlərdə soydaşlarımız uğurlu hərbi əməliyyatlar keçiriblər. Bu ölkənin torpaqlarının faşist işğalından azad olunması zamanı azərbaycanlılar mərdliklə vuruşublar. Azərbaycanlıların bu mərdliyindən diaspor olaraq biz burada fəxrlə danışırıq.
II Dünya Müharibəsi illərində dünyasını dəyişmiş azərbaycanlıların haqqında maraqlanırıq. Ukraynanın bir neçə şəhərində bu döyüşlərdə dünyasını dəyişənlərin adına xatirə abidələri ucaldılıb. Həmin abidələrin ad yazıları siyahısında soydaşlarımızın da ad və soyadları qeyd olunub. Bizim şəhərdən 70 km məsafədə Sofiyevka yaşayış məntəqəsində böyük bir abidə var. Orada 100-ə yaxın azərbaycanlının məzarı da var. Biz hər il 9 May-faşizm üzərində Qələbə günündə oranı ziyarət edirik.
-Diaspor olaraq əsas hansı istiqamətdə tədbirlər keçirirsiz?
-Biz mütəmadi olaraq təşkilatın gələcək fəaliyyət planları ilə bağlı toplantılar keçiririk. Ayrıca Azərbaycanın bütün əlamətdar günlərini qeyd edirik. Həmçinin torpaqlarımızın işğalının, xüsusilə Xocalı faciəsinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün çoxlu tədbirlər keçiririk.
-Perspektivdə hansı işlər planlayıbsız?
-Qarşıda böyük planlarımız var. Bizim əsas məqsədimiz yerli xalqa Azərbaycanı tanıtmaq, yetişən gənc nəsilin milli adət-ənənimizə bağlılığını gücləndirməkdir. Buna görə də gələcəkdə istəyirik ki, şəhərimizdə Azərbaycan mədəniyyət mərkəzi açılsın. Bununla musiqimizin, ədəbiyyatımızın, milli rəqslərimizin təbliği üçün geniş imkanlar yaranacaq.
Fuad Hüseynzadə


Xəbər 675 dəfə oxundu.