Aşura günü uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaq

Məhərrəm ayı, o cümlədən Aşura mərasimi tədris dövrünə təsadüf edir. Aşura günü şagirdlər məktəbdə olmalıdır. Biz uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət etməliyik və onlar dərsdən yayınmamalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov səsləndirib. O qeyd edib ki, Aşura günü uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaq.
S.Heydərov qarşıdan gələn məhərrəm ayında dini mərasimlərin sivil formada qeyd olunacağına ümid etdiyini bildirib. Dövlət Komitəsinin sədr müavini əlavə edib ki, məhərrəm ayı son illər adət formasında keçirilir, bu il də istisna deyil. Məhərrəm ayı ilə bağlı, həmçinin yaxşı tendensiya müşahidə edirik. “Aşura mərasimi qanunlara hörmət əsasında, daha sivil formada keçirilir. Baş yarmaq və digər hərəkətlər, demək olar, yox dərəcəsindədir. Bu da maarifləndirmə işlərinin nəticəsidir", - deyə Siyavuş Heydərov vurğulayıb.

Xəbər 101 dəfə oxundu.