Ümidvaram ki, Rusiya Prezidenti ilə görüş sülh müqaviləsi istiqamətində irəliləyiş yaradacaq

Yaponiyanın Baş naziri Şinzo Abe Rusiya Prezidenti Vladimir Putinlə gözlənilən sammitdə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına və Moskvanın nəzarətində olan dörd ada ilə əlaqədar məsələnin həllində irəliləyiş olacağına ümid etdiyini bildirib.

AZƏRTAC NHK telekanalaına istinadla xəbər verir ki, Ş.Abe bu barədə gələn həftə Vladivostokda Şərq İqtisadi Forumu çərçivəsində V.Putinlə aparacağı danışıqlar barədə hakim koalisiyanın üzvlərini məlumatlandırarkən bildirib. O, Rusiya Prezidenti ilə dörd adada birgə iqtisadi fəaliyyət və bu adalarda sabiq yapon sakinləri üçün humanitar xarakterli addımların atılması barədə açıq dialoq aparmaq niyyətində olduğunu deyib.
Hazırda Rusiyanın nəzarəti altında olan həmin adalara Yaponiya da iddialıdır. Yaponiya hökumətinin dəyişməz mövqeyinə əsasən, bu adalar ölkənin ayrılmaz hissəsidir və II Dünya müharibəsi zamanı qeyri-qanuni işğal edilib.
Ş.Abe danışıqlar zamanı səkkiz bənddən ibarət ikitərəfli iqtisadi planın detallarının, həmçinin digər beynəlxalq məsələlərin, o cümlədən Şimali Koreya məsələsinin də müzakirə olunacağına ümid etdiyini bildirib.

Xəbər 80 dəfə oxundu.