Uğur qazanmanın yolu
Bu gün dünyanın əksər ölkələrində olan iqtisadi çətinliklərin doğurduğu işsizlikdən daha çox gənclər əziyyət çəkirlər. Həyat təcrübəsi az olan gənclər bəzən ölkəmizdə də bu problemlə qarşılaşırlar. Bu mənada, əksər hallarda bəzi gənclərimizin heç cür çıxış yolunu tapa bilmədiyi, işsiz qalmaq, iş tapmaq problemindən bəhs etmək istəyirəm. Bəlkə də bu yazım bir çox gəncə stimul verəcək və çıxış yolunu tapa biləcək. Bir çox ölkələrdə və eləcə də Azərbaycanda qarşılaşdığımız ixtisasımıza uyğun iş tapmaq kimi çətinliklər biz gənclərin əksər hallarda gələcək planlarını alt-üst edir. Düşünürük, planlayırıq, çalışırıq, imtahanlara hazırlaşırıq və bizdə heç cür, heç nə alınmır. Səbəbi isə müxtəlif şeylərdə axtarırıq. İndi yəqin düşünürsünüz ki, səbəb nədir¬? Təbii ki, səbəb həyatımıza daxil olan hər şeydir, ən əsası da biz özümüzük. Bəs biz gənclər nə edək? Necə işləyək, iş imkanlarını necə dəyərləndirək? Düşünürsünüz ki, bizim üçün iş imkanları azdır? Amma biz gənclər bu imkanları elə özümüz üçün artıra bilərik. Bir çox məşhur, iş adamı, siyasətçi və b. kimi uğur qazananların həyat hekayələrinə baxdığımızda görürük ki, onların keçmişdəki həyatları, düşdükləri durumlar, halları bizim indiki halımızdan daha pis olub. Amma onlar uğur qazanmağı bacarıblar. Bəs biz niyə bacarmayaq? Bunun üçün nələr edə bilərik? Birinci növbədə özümüzü və həyat şərtlərimizi yaxşıca analiz etməliyik. Analiz etdikdən sonra eqomuzu bir kənara atıb əskiklərimizi qeyd edib onları tamamlamalıyıq. Bir çoxumuz universiteti əla qiymətlərlə bitirə bilərik, xarici dilləri mükəmməl öyrənə bilərik, amma kompüter bacarığımız olmaya bilər, digər zamanın tələbinə uyğun olan hansısa bacarığımız, qabiliyyətimiz formalaşmaya bilər. Biz özümüzdə bunları kəşf etməliyik və əskikliyimizi tamamlamalıyıq. Ən əsası, istək və əzmkarlıq yüksək səviyyədə olmalıdır. Heç vaxt heç bir uğursuzluqda ruhdan düşməməliyik. Əgər bir iş imkanı alınmadısa digərini sınamalıyıq. Bunu dəfələrlə etmək lazım gəlsə belə, cəhdlər etməliyik. Axı yeni iqtisadi duruma uyğun yeni iş imkanları da formalaşır. Heç də hər şey, iş imkanları aşağı səviyyədə deyil. Yenə də deyirəm, istək olmalı və əzmkarlıq göstərməliyik.... Çünki bir gün biri sizi kəşf edəcək və siz o zamana hazır olmalısınız. Bir çoxumuzun mükəmməl layihələri var, amma onları həyata keçirməyə, sınamağa, kimlərəsə, hansısa qurumlara, şirkətlərə və s. təklif etməyə qorxuruq. Bacarmamaqdan qorxuruq. Nədən qorxursunuz? Özünüzə bunları deyə bilərsiniz: “Biz gəncik, enerjiliyik, bacarıqlıyıq və biz bunu edə bilərik”. Qısa zamanda çox çalışaraq mükəmməl işlər bacaranda bunun faydasını görəcəksiniz. İş tapa bilmirsinizsə, öz işinizi qurmağa hazırsınızsa, bunun üçün çalışın, bəlkə də siz çox gəncə yol göstərən olacaqsınız. Cəmiyyətə diqqətlə baxdığımızda, bəzi hallarda ali təhsilli insanları öz sahəsinə uyğun olmayan işlərdə görürük. Bu, bizi motivasiyadan, ruhdan salmalı deyil. Mən elə insanların çox çalışmadığını düşünürəm. Çalışmaq, çalışmaq və cəhdlər etmək lazımdır... Heç kim bizə asanlıqla iş qurmayacaq və ya işə götürməyəcək. Çünki asana qaçsaq, biz də o gənclərdən biri olacağıq. Bu yazını oxuyandan sonra düşünün və qısa zamanda nələr bacara bildiyinizi və potensialınızı kəşf edəcəyinizə əminəm. Siz digər gənclərdən fərqlənirsiniz!


Xəbər 753 dəfə oxundu.