“Azərbaycanın kurort potensialını rusiyalılar arasında daha çox təbliğ etmək lazımdır”
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri və Prezident Vladimir Putinlə görüşü iqtisadi əməkdaşlığın prioritet istiqamətləri barədə Birgə Bəyanatın, habelə bir sıra mühüm sənədlərin, o cümlədən nəqliyyat, neft-qaz, idman, turizm, rəqəmsal sistemlər sahələrində sazişlərin imzalanması ilə başa çatdı. Prezidentlərimiz arasında gözəl şəxsi münasibətlər sonda bu müqavilələrə transformasiya edir.
RF Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Rusiyalı deputat qeyd edib ki, iki ölkənin liderləri arasında səmimi dostluq münasibətləri əməkdaşlığın bütün istiqamətlərində əlaqələrin inkişafına kömək edir. Leonid Kalaşnikov vurğulayıb: “Deməliyəm ki, “quru” rəqəmlər və faktlar arxasında uzun illər boyu bizim münasibətlərimizdə təzahür edən səmimiyyət var. Mən Prezident İlham Əliyevi yaxşı tanıyıram və bilirəm ki, o, Rusiyaya çox səmimi münasibət bəsləyir. Bu həm də onda təzahür edir ki, Azərbaycanda rus dili təbliğ edilir, rus məktəbləri fəaliyyət göstərir. Mən özüm dəfələrlə həmin məktəblərdə olmuşam. Azərbaycanın necə inkişaf etdiyi, Bakının necə gözəlləşməsi göz qabağındadır. Mən heç yerdə belə gözəl Dənizkənarı Bulvar görməmişəm”.
Deputatın fikrincə, Rusiya və Azərbaycan bütün problemləri birgə həll edə bilərlər. O vurğulayıb: “Əlbəttə, Azərbaycanda da, bizim ölkədə də elə daxili və xarici problemlər var ki, onları birgə həll etmək, neft-qaz sahəsinin, turizm sahəsinin inkişafı üçün səyləri birləşdirmək lazımdır”.
Rusiyalı deputat Azərbaycanın turizm potensialının Rusiyada təbliğini gücləndirməyin vacibliyini qeyd edərək deyib: “Azərbaycandakı bəzi turizm obyektləri xarici ölkələrdəki kurortlarla müqayisədə qat-qat yaxşı və maraqlıdır. Mən heç gözləməzdim ki, Rusiyadakı kimi təbii şəraiti olmayan Azərbaycan qış turizmi sahəsində bu qədər irəliləyib. Mən tez-tez deyirəm ki, Azərbaycanın kurort potensialını rusiyalılar arasında daha çox təbliğ etmək lazımdır”.
L.Kalaşnikov parlamentlərarası münasibətlər mövzusuna toxunaraq qeyd edib ki, ölkələrimizin parlamentləri arasında praktiki dialoq nizamlanıb. Deputat deyib: “Bu yaxınlarda Rusiya parlament nümayəndə heyətinin Azərbaycana səfəri zamanı biz bir təklif irəli sürdük və həmin təklif Azərbaycan tərəfindən dəstəkləndi. Hazırda Azərbaycanda Rusiyanın ondan çox şəhəri ilə qardaşlamış şəhərlər var. Bu, regionlararası əməkdaşlığın genişlənməsi üçün yaxşı təməl yaradır. Biz Rusiya Dövlət Duması ilə Azərbaycan Milli Məclisi arasında yüksək səviyyəli parlamentlərarası komissiya yaradılması formatını da təklif etdik”.
L.Kalaşnikov ölkəmizin müasir inkişaf səviyyəsinə çatmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi vurğulayıb. Deputat deyib: “Dünən mən “Zvezda” telekanalının “Yeri gəlmişkən” (“Mejdu tem”) verilişində çıxış edərkən Heydər Əliyevi nümunə göstərdim və prezidentin öz vədlərini necə yerinə yetirməli olması barədə danışdım. Heydər Əliyev xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıdanda Bakının küçələrində silahlı dəstələr qaynaşırdı, bütün oriyentasiya pozulmuşdu. Onda Heydər Əliyev dedi: “Mən qayda yaradacağam, hamı ilə razılığa gələcəyəm”. O, prezident olandan sonra həmin silahlı adamların yanına getdi, rus diasporunun və digər icmaların nümayəndələri ilə görüşdü. Deməliyəm ki, bu, bizim bu gün hakimiyyətdə olanların çoxu üçün örnəkdir - rəhbərin öz xalqına və öz dövlətinə necə münasibət bəsləməli, bütün xırda məqamları kənara ataraq xalq haqqında düşünməli olması barədə örnək. Mənim iş kabinetimdəki şkafda bir fotoşəkil var: mən, Gennadi Zuqanov və İlham Əliyev birlikdə çəkdirmişik. İlham Əliyevin dövlətə necə rəhbərlik etdiyini mən çox yüksək qiymətləndirirəm, ona uğurlar arzulamaq və onu əmin etmək istəyirəm ki, mən bir parlamentari kimi Azərbaycan kömək etməyə həmişə hazıram”.

Xəbər 85 dəfə oxundu.