«ArmenianReport»: “Nikol Paşinyanı Moskvada çətin görüş gözləyir”
“Moskva rəsmi İrəvan barəsində səsləndirdiyi fikirlərlə Ermənistanın daxili siyasətinə birbaşa təsir etməyə çalışır”

«Rusiya-Ermənistan danışıqları sentyabrın 8-də keçiriləcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov «İzvestiya» nəşrinə verdiyi açıqlamada da təsdiqləyib». Bu fikirlərə öz səhifəsində yer verən ermənilərin «1in.am» saytı ötən bazar ertəsi Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun tələbə və müəllimləri ilə görüşdə Ermənistandakı son durumu «qaynar vəziyyət» kimi dəyərləndirməsinə xüsusi diqqət ayırıb.
Elə Lavrovun çıxışına istinad edən digər erməni saytı - «ArmenianReport» Nikol Paşinyanı Moskvada çətin bir görüş gözlədiyini etiraf edib: «Çünki Moskva, hələ də, Ermənistandan rus vassallığının təməlinin toxunulmazlığını tələb edir. Başqa sözlə, Moskva bu gün də İrəvandan sabiq erməni cinayətkarlarının istintaqının dayandırılmasını tələb edir. Aydındır ki, erməni rəhbərliyi Moskvanın bu tələbini qəbul edə bilməz. Çünki bu tələbin qəbul edilməsi, Ermənistandakı inqilabın qələbəsini ləğv edə bilər».
Maraqlıdır ki, erməni saytı Lavrovun Ermənistan barədə dedkləri fikirləri onun özünün yox, məhz Rusiya rəhbərliyinin fikirləri olduğunu istisna etmir: «Lavrovun dedikləri, təbii ki, rəsmi Kremlin mövqeyidir, Moskva rəsmi İrəvan barəsində səsləndirdiyi fikirlərlə Ermənistanın daxili siyasətinə birbaşa təsir etməyə çalışır. Onlar bunu artıq açıq mətnlə həyata keçirməyə başlayıblar. Rusiya rəhbəri istintaq altında olan Robert Koçaryana zəng edib, onu ad günü münasibəilə təbrik edir. Axı bu nə deməkdir? Bu, Kremlin Ermənistanın ikinci prezidentinin arxasında dayandığına verdiyi mesaj deyilmi? Moskva 2008-ci ilin mart hadisələrində ittiham olunan və hazırda qaçaraq, Rusiyada «gizlənən» sabiq müdafiə naziri Mikael Arutyunyanın qaytarılması barədə rəsmi İrəvanın sorğularını hələ də cavabsız qoyub. Əgər Rusiya, doğrudan da, Ermənistanla bərabərhüquqlu münasibətlər qurmaq istəyirsə, bu halda niyə Xaçaturov və Arutyunyana qarşı məhkəmə araşdırmalarından narahatlıq nümayiş etdirir? Nə üçün onlara qarşı qaldırılmış cinayət işlərinə bu qədər qıcıq nümayiş etdirir, «ədalətin» bərpasına mane olmaq istəyir? Kremldəkilər bütün bu proseslərə aydın şəkildə müdaxilə etməklə, məgər bütün bunların bizim daxili işimiz olduğunu unudurlarmı?»
Sayta görə, vəziyyətin «gülünc» tərəfi, bir dövlətin xarici işlər nazirinin başqa bir dövlətin məhkəmə prosesinə münasibət bildirməsidir. Məgər Ermənistanın Xarici İşlər Nazirliyi Rusiyada həbs edilən hər hansı bir məmurun cinayət prosesinə müdaxilə edirmi? Təbii ki, bunu Lavrov da yaxşı anlayır».
Qeyd edək ki, bir müddət bundan əvvəl, elə bu sayt Ermənistanın yeni hökumətinin Moskvaya olan sədaqətini nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxdığına baxmayaraq, Kremlin hələ də Azərbaycanla əməkdaşlıq sahəsində əlaqələri daha da yaxınlaşdırdığı barədə məqalə vermişdi. Həmin yazıda, müəllif yeni erməni hökumətini erməni-rus münasibətlərində mövcud olan böhranı tələsik şəkildə aradan qaldırmağa çağırış edirdi. Ermənistanın ilin ilk aylarındakı xarici siyasətini son dərəcə “hədəfsiz və təsirsiz” kimi dəyərləndirən yazı müəllifi, Ermənistan rəhbərliyini ibtidai, qeyri-peşəkar yanaşmalar istisna olmaqla, bu sahədə düzəlişlər etməyə çağırırdı. Nə bilmək olar, bəlkə bu da ermənilərin yeni oyunudur.
Ağasəf Babayev





Xəbər 118 dəfə oxundu.