“Azərbaycan Rusiya mədəniyyətinin ölkəmizdə inkişafı üçün bütün mümkün addımları atıb”
“Rusiya kimi dövlətlərlə ən ali səviyyədə münasibətlərin qorunması Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin bariz nümunəsidir”

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri bir sıra vacib məqamlarla yadda qaldı. Ölkə başçısının Rusiya Prezidenti ilə keçirdiyi görüş, eləcə də iki ölkə arasında imzalanan bir neçə vacib sənədlər hələ də müzakirə olunur. Bir sıra ekspertlər, siyasi şərhçilər və iqtisadçılar bundan sonra iki ölkənin bütün sahələrdə olan əməkdaşlığının bir qədər də sıxlaşacağını, strateji dostluq bağlarının daha da möhkəmlənəciyini bildirirlər. Görüşün nəticələrini “Palitra”ya şərh edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov Rusiya ilə Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağladığını dedi: “Biz tarixən Rusiya ilə sıx münasibətdə olmuşuq. Bu münasibət tək siyasi müstəvidə deyil, eyni zamanda mədəni-sosial bağlarla inkişaf edir. Rusiya və Azərbaycan strateji tərəfdaşlıq səviyyəsində daima regional və beynəlxalq müstəvidə bir-birilərini müdafiə ediblər. Eyni zamanda, Azərbaycan Rusiya mədəniyyətinin ölkəmizdə inkişafı üçün bütün mümkün addımları atıbdır. Bu gün Azərbaycanda onlarla rusdilli məktəblər, ali təhsil ocaqları, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bakıdakı rus icması ölkəmizdən hər cür dəstəyi alır və gələcəkdə də alacaq. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq biz hər zaman rus mədəniyyətinin inkişafı naminə gərgin fəaliyyət göstərmişik. Hesab edirəm ən böyük və ən qüdrətli qonşu dövlət kimi Rusiya ilə əlaqələrimizi qoruyub saxlamalıyıq. Prezident İlham Əliyev də görüşdə Rusiya ilə münasibətlərə necə önəm verdiyini qeyd etdi. Öz növbəsində Rusiya prezidenti Vladimir Putin də Azərbaycanla möhkəm dostluq, qardaşlıq münasibətləri olduğunu dedi. Şübhəsiz ki, Rusiya və bu kimi super güc dövlətlərlə ən ali səviyyədə münasibətlərin qorunması Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin bariz nümunəsidir”
Tural Tağıyev

Xəbər 149 dəfə oxundu.