Arif Alvi Pakistanın yeni prezidenti seçilib
Pakistanda keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə əsasən, hakim “Təhrik-ə-İnsaf” (Ədalət uğrunda hərəkat) partiyasının namizədi Arif Alvi sentyabrın 4-də ölkənin 13-cü prezidenti seçilib. Bu barədə Geo TV telekanalı xəbər verir. Səsvermə yerli vaxtla səhər saat 10:00-dan 16:00-dək federal parlamentdə və 4 əyalət məclisində keçirilib. Seçkinin rəsmi nəticələrinin bu gün axşam saatlarında elan olunacağı gözlənilir. Prezident seçkilərində üç namizəd - hakim “Ədalət uğrunda hərəkat” partiyasının qurucularından biri və parlamentin aşağı palatasının üzvü Arif Alvi, “Pakistan xalq partiyası”ndan Aitizaz Ahsan, həmçinin bir neçə müxalifət birliyinin nümayəndəsi - “Birləşmiş aksiya hərəkatı”nın lideri Mövlanə Fazl-ur-Rahman mübarizə aparırdı. Pakistan prezidenti federal parlamentin aşağı və yuxarı palatalarından, həmçinin ölkənin 4 əyalətinin qanunverici yığıncaqlarından təşkil olunmuş 1174 deputat və senatordan ibarət seçkiçilər kollegiyası tərəfindən seçilir. Xatırladaq ki, “Pakistan müsəlman liqası” partiyasını təmsil edən hazırkı prezident Məmnun Hüseyn dövlət başçısı postuna namizədliyini yenidən irəli sürməkdən imtina edib. Onun səlahiyyətləri sentyabrın 9-da sona çatacaq.

Xəbər 39 dəfə oxundu.