Əcnəbi tələbələrin miqrasiya məsələləri diqqətdə saxlanılır
Yeni tədris ili ərəfəsində Dövlət Miqrasiya Xidmətinin aparatında Xarici İşlər və Təhsil nazirliklərinin və ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın ali məktəbin müvafiq struktur bölmələrinin məsul əməkdaşları ilə keçirilən görüşdə əcnəbi tələbələrin miqrasiya məsələləri müzakirə olunub. DMX-dən bildiriblər ki, görüşdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi İsmayıl Abdullayev Xidmət tərəfindən Azərbaycanda miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi ilə bağlı həyata keçirilən tədbirlər, həmçinin ölkəmizə təşrif buyuran hər bir əcnəbi tələbənin olma və yaşama qaydalarına əməl etmələrinin təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təhsil vizası ilə ölkəyə gələrək Azərbaycanın ali məktəblərində təhsil ala bilərlər. Əcnəbi tələbələrə müvəqqəti yaşama icazəsinin verilməsi ilə əlaqədar müraciətlərin olma və ya yaşama icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış edilməsi təhsil aldığı universitetlər tərəfindən təmin olunmalıdır. Görüşdə ali məktəblərin əcnəbi tələbələrlə iş üzrə müvafiq struktur bölmələrinin məsul əməkdaşlarının bu prosesə diqqətlə yanaşmalarının zəruriliyi diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Xəbər 42 dəfə oxundu.