“Mən Amazon cəngəlliyini axıra qədər fəth edəcəyəm”
Faiq Babanlı: “Azərbaycana qanuni şəkildə ov üçün gələnlərin sayının ildən-ilə kəskin artacağı gözlənilir”

Ovçuluq həm də ölümün gözünə dik baxmaq deməkdir. Çünki ovçuların istənilən addımında ölüm təhlükəsi var. Xüsusən, ekstremal ovçular hər an bu təhlükə ilə qarşılaşırlar. Elə dünyada ekstremal ovçu kimi tanınan Faiq Babanlı da son Boliviya səfərində bir çox təhlükələrlə qarşılaşıb. Qeyd edək ki, Faiq Babanlının ovda reytinqi o qədər yüksəkdir ki, ona istənilən ərazidə ov etməyə icazə verilir. 80-dən çox ölkədə ov edən Faiq Babanlı Safari Ov Klubu Azərbaycanın rəhbəri olaraq ölkəmizi xaricdə tanıdır və təbliğ edir.
-Siz əvvəllər Boliviyada ov etmişdinizmi?
-Mən Boliviyaya 7 il ərzində ildə iki dəfə getmişəm. 3 il idi ki, mən orada ov etmirdim. 3 il sonra mənim ora tam başqa təcrübə ilə qayıtmağım öz fərqliliyini göstərdi. Biz bu dəfə 8 gün ərzində nə qədər imkanımız çatırsa, o qədər Boliviya cəngənlliyinin dərinliyinə getdik. Hətta o qədər dərinliyə getdik ki, cəngəlik bitirdir, sonra bataqlıqlar başlayırdı.
Bu dəfə çox yorulduq. Çünki günlərlə piyada, eləcə də at və traktorla yol gedirdik. Hava da rütubətli və isti idi. Budəfəki təşvişim insan bədəninin dirənməsi, gücün itməsi, Allahdan imdad istəməsi idi. Doğrudan, dəhşətli səhnə idi. Bu dəfə mən insanın təbiətin qarşısında necə aciz olmasını hiss etdim. Yəni təslim olmursan. Sonunacan gedib döyüşürsən.
-Məqsədinizə çata bildinizmi?
-Sözün açığı, biz bu dəfə Boliviyaya arapayma balığı tutmağa getmişdik. Bu balıq 2,5 metr olur. Orada bu balıqdan çoxdur, amma, nəsə bu dəfə bizim tilova düşmədi. Amma balığı tutmasam da, lazım olan enerjini aldım. Mən ora bir də qayıdacağam. Çünki mənim orda məqsədim var... Mən bütün cəngəlliyi axıra qədər fəth edəcəyəm. Bunun qurtaracağını görmək istəyirəm. Qurtaracaq da yoxdur...
-Ümumiyyətlə, belə bir addımı atan olubmu?
- Yox, olmayıb. Kim gedibsə, içəridə qalıb, geri qayıda bilməyib. Bilirsiz, başlanılan nöqtədən getmək mümkün deyil. Ona görə haradan gedirsənsə, sürətlə keçməlisən. Məni ora özünə çəkir. Konkret deyir ki, ruhunu ver. Həqiqətən də Amazon adamın ruhunu tələb edir. Girdinsə, ora deyir ya çıx, ya da qal.
-Bəs sizin fikriniz nədir?
-Mənim fikrim Amazonun, cəngəlliyin ruhunu almaqdır. Çünki hər bir insanın öz ruhi qidası var.
-Bəzən mənə elə gəlir ki, siz təbiətdən, o cümlədən vəhşi heyvanlardan intiqam almaq istəyirsiniz?
- Düzdü, bu belə görünə bilər. Amma bu, intiqam deyil. Mən təbiətdən enerji alıram. Mənim ov etməyim mənim energetik balansımı tənzimləyir. Mən ovsuz yaşaya bilmirəm.
-Siz ov zamanı tamam başqa simada olursunuz. Bu nədən irəli gəlir?
-Bunu mən özüm də hiss edirəm. Boliviyada bu an daha çox yaşandı. Çünki orda hər an həyat təhlükəsi var idi. Hətta həmkarım Asif İlyasov, bəzən mənə çox təəccüblə, məni tanımırmış kimi baxırdı.
Bilirsiz, insan hər belə anlarda, xüsusən, vəhşi ilə qarşılaşanda mənən daha da böyüyür. İnsanı dəyişdirən adrenalindir, insanı dəyişdirən ekstrimdir. Bunu ovda praktiki olaraq hiss etmək olur.
-Amazon cəngəlliyinin özəlliyi nədir?
-Cəngəlliyin özəlliyi onun başqa yerdə təkrar olunmamasıdır. Amazon tam bağlıdır və həddindən artıq sıxlıqdır. Amazonda ölüm qoxusu var. Burada boş yer yoxdur. Harada durursansa, sənə hücum olur. Ona görə də Amazonda bir yerdə dayanmaq olmaz. Amazonun nə qədər qeyri-adi gözəlliyi varsa, o qədər də təhlükəsi var. Hətta buna təhlükə demək azdır. Amazon adamın ruhunu, canını almaq istəyir. Orada hər bir addımda yaquarla qarşılaşmaq təhlükəsi var. Qarşımıza çıxan ilanların sayı-hesabı yox idi. Orada qarışqa belə, təhlükəlidir.
Ümumiyyətlə, Amazon cəngəlliyi fantastikadır. Orda, hətta ulduzlar göydə oynayır. Saysız kometlərin uçduğunu görürsən. Ora ayaq dəyməyib. İnsanın orada olmamağını hiss edirsən. Çünki insanın enerjisi ora mane olur. Amazonda başqa enerji var və hər şey fərqlidir. Mən dəhşətə gəldim. Orda insan tək olmadığını hiss edir. Oranın özünün görünməyən canlıları var.
-Ov turizmi ilə bağlı nə kimi irəliləyiş əldə edibsiniz?
-Bizdə ov turizmi çox yüksək səviyyədədir. Bizim çoxlu qonaqlarımız olur. Onu da deyim ki, biz təkcə Azərbaycanda qonaq qəbul etmirik. Eyni zamanda qonaqlarımızı ov üçün dünyanın müxtəlif yerlərinə aparırıq. Yəni əcnəbi ovçuları xaricə Azərbaycan adından aparırıq. Bunun özü də Azərbaycanın üstünlüyüdür və kənardan görünüşü də çox yüksəkdir. Azərbaycan ov turizmində 3-5 ilə, doğrudan da yüksək yer tutacaq. Biz bunu bu il hiss etmişik.
-Ov üçün Azərbaycana gələnlərin sayı artıbmı?
-Bəli, qonaqlarımız ilbəil artır. Bilirsiz, birinci xidmətdir. Yəni ovçu gələndə birinci gözəlliyi göstərməkdir, sonra isə ona qulluqdur. Bu da dünya standartlarına uyğun şəkildə olmalıdır. İkincisi də hər ovçu gələndə öz səviyyəsinə uyğun təşkilatçıya müraciət edir. Bizdə təşkilatçılıq ən yüksək səviyyədədir. Ona görə də Azərbaycana qanuni şəkildə ov üçün gələnlərin sayının ildən-ilə kəskin artacağı gözlənilir.

Fuad Hüseynzadə





Xəbər 337 dəfə oxundu.