Suriyada vəziyyət dəyişir: İdlibə hava zərbələri endirilib
Kreml: “İdlibdə olan terrorçular Rusiyanın Suriyadakı bazalarını təhdid edir və sülh əldə edilməsinə mane olurlar”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın İdlib bölgəsində atəşkəsin pozulmasının fəlakətə səbəb olacağı barədə xəbərdarlıq edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və paytaxt Ankarada olan Şimali Kipr Türk Respublikasının baş nazirinin müavini Kudret Özersay birgə mətbuat konfransı keçiriblər. Nazir Çavuşoğlu İdlibdə atəşkəsin davam etdirilməsi, Astana razılaşmasının davamı və rejim tərəfindən atəşkəsin pozulmasının qarşısının alınması üçün Türkiyənin istər İran, istərsə də Rusiya ilə görüşlərini davam etdirdiyini vurğulayıb. İdlibin Astana razılaşması ilə müəyyən olunan deeskalasiya zonalarından sonuncu olduğuna və burada 3,5 milyon insanın yaşadığına diqqət çəkən Çavuşoğlu deyib: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də İranın paytaxtı Tehranda prezident Həsən Ruhani və Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəcək və bu mövzular müzakirə olunacaq”. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin səfərini də dəyərləndirən Çavuşoğlu onun bölgəni yaxından tanıdığını qeyd edib: “Ceffrinin Türkiyəyə gələrək bu məsələləri bizimlə müzakirə etməsi əhəmiyyətlidir. Ankara görüşündə yalnız İdlib məsələsini deyil, bütün Suriya ilə əlaqədar fikirlərimizi, Suriyanın sərhəd və ərazi bütövlüyü baxımından siyasi həlli və humanitar yardımlar, ABŞ-ın PKK/YPG-yə verdiyi dəstəyi mütləq gündəmə gətirəcəyik”. Bu arada Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp da İdliblə bağlı məsələyə toxunub: "Suriya prezidenti Bəşər Əsəd Suriyanın İdlib şəhərinə düşünmədən hücum etməməlidir. Ruslar və iranlılar bu ehtimal olunan bəşəri faciədə iştirak edərək böyük səhv edirlər. Yüz minlərlə insan ölə bilər. Bunun baş verməsinə izin verməyin". Suriyada müxaliflərin son qalası - İdlibdə 4 milyona yaxın mülki vətəndaş Əsəd rejimi tərəfindən gözlənilən əməliyyata görə narahatdırlar. Strateji mövqedə yerləşən İdlibdə baş verəcək hər hansı bir qarşıdurma Türkiyə və Avropaya böyük köç dalğasına təkan verə bilər. Vəziyyəti nəzərə alan Türkiyə Silahlı Qüvvələri Suriya sərhədinə hərbi qüvvə göndərməkdə davam edir. Suriyanın Menbiç, Tel-Rıfat və İdlib bölgələrinə minaya dözümlü “kirpi” adlanan hərbi maşınlarla artilleriya batareyası daşınır Tank və haubitsa daşıyan TIR-lardan ibarət 8 maşın isə Türkiyənin Kilis şəhərindən keçərək Suriya ərazisinə daxil olub. CNN xəbər verir ki, artıq ABŞ generaliteti və xüsusi xidmət orqanları Suriya ərazisində bombalanacaq obyektlərin siyahısını hazırlayıb. Rusiyalı ekspertlər qeyd edirlər ki, Suriya məsələsi ABŞ daxili siyasətində tərəflərin bir-birinə qarşı şantaj alətinə çevrilib. Əsədin kimyəvi silahdan istifadə edəcəyi ilə bağlı məsələnin ortaya atılması da bununla bağlıdır. “RİA Novosti” yazır ki, ABŞ-da xüsusi xidmət orqanlarında olan qüvvələr bu məsələdən Trampa qarşı şantaj kimi istifadə edərək onu müəyyən qərar qəbul etməyə vadar edirlər. CNN-in bombalama ilə bağlı yaydığı xəbər də həmin dairələrin işidir. Qeyd edilir ki, həmin qüvvələr Britaniya xüsusi xidmət orqanlarının köməyi ilə Suriyada provokasiya həyata keçirərək bombalama üçün zəmin yaradacaq. Qeyd edək ki, İdlib Suriyanın şimalında qeyri-qanuni qüvvələr tərəfindən nəzarət edilən yeganə ərazidir. Rusiya tərəfi bildirir ki, “Hayrat Tahrir Aş-Şaş” qruplaşması İdlibdə provokasiya planlaşdırır. Belə ki, Əsədin kimyəvi silahdan istifadə etməsi görüntüsü yaradılaraq Suriyaya hava zərbəsi endiriləcək. Bununla da Əsədin İdlibi terrorçulardan təmizləməsinin qarşısını almağa çalışırlar. Amma bu cəhdlər fayda verməyib. Dünən Rusiya qüvvələri və Əsədə tabe olan hərbi birləşmələr İdlibə havadan zərbələr endirməyə başlayıb. Bu haqda məlumat dünya xəbər agentliklərinin son dəqiqə xəbəri olub. Kremldən verilən ilk açıqlamada qeyd edilir ki, İdlibdə olan terrorçular Rusiyanın Suriyadakı bazalarını təhdid edir və sülh əldə edilməsinə mane olurlar. Məlumatda qeyd edilir ki, İdliblə bağlı məsələ Rusiya, Türkiyə və İran liderlərinin bu həftə keçiriləcək görüşündə əsas müzakirə mövzusu olacaq. Kreml hesab edir ki, ABŞ dövlət başçısının bu məsələ ilə bağlı açıqlamaları problemi həll etmir. İranın xarici işlər naziri Zərif isə elan edib ki, silahlı müxalifət mülki vətəndaşlara ən az zərər vurmaqla İdlibdən çıxarmağı hədəfləyir.

Anar Miriyev


Xəbər 75 dəfə oxundu.