“Rusiyada yaşayan ermənilər daim bu ölkəyə arxadan zərbə vururlar”
“Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri və Prezident Vladimir Putin ilə keçirdiyi görüşlər, müzakirə edilən məsələlər və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin bu günü və gələcəyi baxımından böyük əhəmiyyət daşıyır. Qarşılıqlı münasibətləri bir sıra amillər şərtləndirir. Azərbaycan və Rusiya qonşu ölkələrdir, uzun illər boyu vahid sosial-iqtisadi, siyasi, hərbi, ideoloji sistemdə bir dövlətin tərkibində ittifaq respublikaları olublar. Rusiyada azərbaycanlılar yaşayır, Azərbaycanda isə rus icması var. Rus icması üçün ölkəmizdə bütün şərait yaradılıb. İcmanın rəhbəri Milli Məclisin deputatıdır. Azərbaycanda tədrisin rus dilində aparıldığı məktəblər fəaliyyət göstərir, rus dilində qəzetlər, saytlar, radio və televiziya proqramları var”. Bunu açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib. Deputat qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlər böyük inkişaf yolunu keçib. Münasibətlərin hüquq-müqavilə bazası yaradılıb, maddi təməlləri formalaşıb. Rusiya Azərbaycanın xarici ticarətində mühüm yer tutur. Azərbaycan Respublikası Rusiya Federasiyası ilə daim mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək əzmində olub. Dövlətlərarası, hökumətlərarası və idarələrarası çoxlu sənədlər imzalanıb. Strateji tərəfdaşlıq münasibətləri yaranıb. Müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq var. Hərbi-texniki sahədə də yaxşı əməkdaşlıq qurulub. Bütün bunlar Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin birgə səyləri və müntəzəm görüşləri nəticəsində əldə edilib.
Rusiya Federasiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədridir. Soçi görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri də müzakirə edilib və Rusiyanın bu sahədə səylərini artıracağını gözləmək olar.
Prezident İlham Əliyevin Rusiyaya səfəri və imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərə yeni dinamizm verəcək və təzə səhifə açacaq. Bütün sahələrdə əməkdaşlıq daha da genişlənəcək və tərəflərə qarşılıqlı fayda verəcək. Prezidentlərin bəyanatı bütün bunlara tam əminlik yaradır. Ortada qarşılıqlı maraqlar və siyasi iradə var.
“Güman edirəm ki, Rusiyada hələ də Ermənistanı müdafiə edən bəzi qruplar və şəxslər bundan sonra başa düşəcəklər ki, Cənubi Qafqazda Rusiya üçün ən vacib ölkə məhz Azərbaycan Respublikasıdır. Ermənistan və Rusiyada yaşayan ermənilər isə Rusiyanın ayaqlarının altını qazır, ona ənənəvi olaraq daim arxadan zərbə vururlar. Bunu görmək lazımdır, dostu və bədxahı bir-birindən ayırmaqda fayda var.
Regionda sülh və sabitliyin yolu Rusiyanın Azərbaycan ilə ən yaxşı münasibətlərindən keçir. Bunun üçün ilk növbədə, Dağlıq Qarabağ münaqişəsini həll etmək və Azərbaycan ərazilərinin işğalı faktını aradan qaldırmaq lazımdır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Xəbər 148 dəfə oxundu.