Baş nazir Yaponiyanın xarici işlər naziri ilə görüşüb
Sentyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi. Baş nazir bildirdi ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra iki ölkə arasında münasibətlər sürətlə inkişaf edib. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərlərini xatırladan Novruz Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında əhəmiyyətini xüsusi vurğuladı. Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Yaponiya arasında energetika, iqtisadiyyat, sərmayə qoyuluşu, səhiyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, digər istiqamətlərdə də əlaqələrin inkişafı üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycanın Yaponiya ilə münasibətlərində iqtisadi əməkdaşlıq prioritet istiqamətlərdəndir. Hazırda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən yeni həmsədrinin təyin olunması məsələsinə baxılmaqdadır.
Qonaqlara Azərbaycanda yeni yaradılmış sənaye parkları haqqında ətraflı məlumat verən Baş nazir bildirdi ki, Yaponiya şirkətləri bu sənaye parklarına cəlb oluna bilər.
Yaponiya xarici işlər nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildirən Novruz Məmmədov bu səfərin qarşılıqlı əlaqələrimizin genişlənməsində önəmini vurğuladı.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Yaponiyanın xarici işlər naziri Taro Kono ölkəmizə 19 il əvvəl səfər etdiyini xatırlatdı. Taro Kono bildirdi ki, əlverişli geosiyasi mövqedə yerləşən, logistik mərkəzə çevrilən və enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan Azərbaycan Yaponiyanın vacib tərəfdaşıdır. Yaponiyanın xarici işlər naziri oktyabrın 1-dən Azərbaycan vətəndaşları ücün sadələşdirilmiş viza rejiminin tətbiq olunması ilə bağlı qərar verdiklərini bildirdi.

Xəbər 47 dəfə oxundu.