Qubanın Ərməki və Güneyməhəllə kəndlərinə ilk dəfə təbii qaz verilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Quba rayonunun Ərməki və Güneyməhəllə kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb. AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsi münasibətilə Ərməki kəndində keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də, kənd sakinləri iştirak ediblər. Ərməki kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1160 metr polietilen boru ilə daşıyıcı xətt çəkilib. Bununla yanaşı, 7 min 482 metr müxtəlif diametrli metal borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları quraşdırılıb. Kənddə 143 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə etməyə başlayıb. Güneyməhəllə kəndinin qazlaşdırılması üçün isə ümumi uzunluğu 8 min 319 metr qaz xətti çəkilib. Bu yaşayış məntəqəsində 75 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə edəcək. Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik ediblər.
Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Quba rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.
Kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

Xəbər 37 dəfə oxundu.