Əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı dələduzluq edənlər cinayət məsuliyyətinə cəlb olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması, pensiya təminatı sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Lakin bəzi hallarda əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi mənfi amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına rast gəlinir. Belə qanunazidd hərəkətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri kimi təqdim edən bir qrup şəxsin pensiya və ünvanlı sosial yardımların təyin olunması ilə bağlı İsmayıllı rayon sakinlərindən qanunsuz pul almaları barədə daxil olmuş müraciət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gülarə Bədirova tanışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə təsir etmək imkanına malik olmasına inandırıb, əlillik dərəcəsinin dəyişdirilməsi üçün ondan sentyabrın 3-də C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cinayət əlaqəsinə girdiyi həkim-kardioloq Yeganə Osmanovanın xidməti otağında 2500 manat məbləğində pulu birlikdə alarkən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Xidməti otağa baxış zamanı həmin pullar, əlillik dərəcəsi və qrupunun verilməsi üçün zəruri olan sənədlər, o cümlədən epikrizlər, habelə istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb. G.Bədirovanın və Y.Osmanovanın özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə, başqasını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3-cü (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4-cü, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub. G.Bədirova barəsində məhkəmənin qərarı ilə həbs, Y.Osmanova barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda iş üzrə həmin qanunsuz hallar tam və hərtərəfli araşdırılır. Həmin şəxslər tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Saxta sənədlər əsasında əlillik dərəcəsi və qruplarının verilməsi səbəbindən qanunsuz pensiya təyinatı hallarına, habelə korrupsiya və digər bu kimi mənfi hallara qarşı bundan sonra da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdiriləcək.

Xəbər 104 dəfə oxundu.