Azərbaycanda qanvermə aksiyası ilə bağlı ənənə digər müsəlman ölkələrinə də yayılıb
Məlum olduğu kimi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verdi və bəyan edildi ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.
İlbəil Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi təmin olunsa da təəssüf ki, hələ də əzadarlıq məclislərində bəzi neqativ hallar aşkar edilir. Dini kəsimin bəzi nümayəndələri təəssüf ki, mərasimlərdə arzuolunmaz formada əzadarlıqlar edərək dinimizin etdiyi tövsiyələrə riayət etmirlər. Bundan başqa bəzən Aşura yürüşləri təşkil edərək əzadarlıqları, dini mərasimləri məscidlərdən kənara daşıyırlar. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, əzadarlıq məclisləri yalnız məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır.
Əslində isə bu müqəddəs ayda bədənə zərər yetirməklə müşayət olunan yürüşlər təşkil edilməməlidir, eləcə də digər radikal görüntülər yaratmayan dini mərasimlər məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla keçirilməlidir. Sinə açmaq, zəncir vurmaq, baş yarmaqla qan çıxarmaq kimi qınağa səbəb hərəkətlərə yol verilməsi cəmiyyət tərəfindən də qəbul edilmir.
Həm də mövzu ilə bağlı söz açarkən onu da qeyd etməliyik ki, son illərdə bu müqəddəs ayda savab işlərə səbəb olacaq xoş bir ən-ənənə formalaşıb ki, bu da qanvermə aksiyalarının təşkil olunmasıdır.
Ümumiyyətlə, bu istiqamətdə aidiyyəti qurumlar da hər il maarifləndirici tədbirlər keçirir, müəyyən işlər görürlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyir ki, Dövlət Komitəsi Məhərrəm ayı ərəfəsində və dövründə kütləvi maarifləndirici tədbirlər həyata keçirir: “Belə ki, ictimaiyyətlə, o cümlədən inanclı insanlarla, gənclərlə görüşlər keçirilir, qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklər barədə məlumatlar verilir. İslam dini icmalarının sədrləri, din xadimləri ilə müvafiq söhbətlər aparılır, Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi istiqamətində həm yerli icra hakimiyyətləri, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər həyata keçirilir”. O həmçinin deyib ki, müqəddəs ayda qanvermə aksiyalarına qatılmaq daha məqbul sayılır nəinki zəncir vurmaq: “Məhərrəm ayı, xüsusilə də Aşura günü zamanı ifrat hərəkətlərə yol verməməyi və mövcud qanunvericiliyin tələblərinə riayət etməyi tövsiyə edirəm. Qeyd edim ki, Azərbaycanda məscidlərdə bu və ya digər ayinlər həyata keçirilərkən QMİ-nin fətvasına və təqvimə əməl olunmalıdır. Bu təqvimdən kənara çıxmaq olmaz. Çünki Azərbaycan Respublikasında İslam dini qurumları öz tarixi dini mərkəzində - Qafqaz Müsəlmanlar İdarəsində birləşdiyi üçün məzhəbindən asılı olmayaraq, hər kəs bu təqvimlərə əməl etməlidir.
Xatırladım ki, müxtəlif dini atributları məsciddən kənarda nümayiş etdirmək olmaz. Xüsusilə də bədənə xəsarət yetirmək, zəncir vurmaqla qan çıxarmaq və ya qan çıxarma ilə müşayiət olunan bədənə işgəncə vasitələrindən istifadə etmək yolverilməzdir. Komitənin yerlərdəki şöbələri qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı monitorinqlər keçirəcək. Əgər hər hansı pozuntular olsa, onunla əlaqədar müvafiq tədbirlər görüləcək. Əminəm ki, hamı bu qanuna əməl edəcək. Hər il Məhərrəm ayı zamanı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün keçirilən ənənəvi qanvermə aksiyası kimi xeyirxah işdə dindarları fəal iştirak etməyə çağırıram. Qan çıxarmağı zəruri hesab edən dindarlara tövsiyə edirəm ki, onlar zəncir vurmaqla baş yarmaq əvəzinə, könüllü olaraq qan vermə aksiyalarına qoşulsunlar. Bununla onlar Allah qarşısında böyük savab qazanmaqla yanaşı, qan çatışmazlığından əziyyət çəkən minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olarlar”.
Qafqaz Müsəlmanları İdarəsi də baş yarmaq və digər arzuolunmaz mərasimlərdənsə, qanvermə aksiyasına qatılmağı vacib sayır. QMİ-nin fətva və moizələr şöbəsinin müdiri Aqil Şirinov deyib ki, qanvermə aksiyaları Həzrət İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin ruhuna daha uyğundur. Onların verdiyi mesaja daha uyğun bir haldır. Beləcə bir çox neqativ haldan da yayınırıq. İnsanların özünə zəncir vuraraq xələl yetirməsi, qurşağa qədər soyunaraq öz bədənlərinə müəyyən xələl yetirmələri İslam dinində qəbul olunan bir hal deyil. Azərbaycanda gözəl ənənə mövcuddur. Sevindirici haldır ki, Azərbaycanda qanvermə aksiyası ilə bağlı mövcud olan bu ənənə yavaş-yavaş digər müsəlman ölkələrinə də yayılıb. Həmin ölkələrin bəzilərində də bu qanvermə aksiyaları keçirilməyə başlanılıb. Bu ənənənin demokratik şəkildə keçirildiyi əsas ölkə məhz Azərbaycandır”.
Tural Tağıyev

Xəbər 45 dəfə oxundu.