Sabiq senator Con Kayl ABŞ Senatında Con Makkeynin yerini tutacaq

Ötən ay beyin xərçəngindən vəfat edən Con Makkeynin yerini sabiq senator Con Kayl tutacaq.

AZƏRTAC xəbər verir ki, bunu mətbuat konfransında bəyanatla çıxış edən Arizona ştatının qubernatoru Daq Dyusi bildirib. Respublikaçılar partiyasından prezidentliyə namizəd olmuş, Hərbi Dəniz Qüvvələrinin veteranı Makkeyn 1987-ci ildən bu ştatdan senator idi. Dyusi jurnalistlərə deyib: “Bizim ştatı ABŞ Senatında kimin daha yaxşı təmsil edəcəyi barədə düşündükdən sonra yalnız bir adın və bir şəxsin üzərində durdum – bu, Con Kayldır”.
Kayl Arizona Universitetinin məzunudur, 1966-cı ildə hüquq dərəcəsi alıb və Finiks şəhərində hüquqşünas işləyib. O, 1987-1995-ci illərdə ABŞ Nümayəndələr Palatasının üzvü olub, 1994-cü ildə isə Senata seçilib. Kayl 2000-ci və 2006-cı illərdə bu vəzifəyə təkrar seçilib. 2012-ci ildə o, Senata təkrar seçilməkdən imtina edib və onun yerini respublikaçı Ceff Fleyk tutub.

Xəbər 43 dəfə oxundu.