“Azərbaycan bölgədə Rusiya ilə əməkdaşlığa sadiq qalan yeganə dövlətdir”
Rusiya və Azərbaycan arasında tarixən möhkəm dostluq əlaqələri olub. İki ölkə arasında əməkdaşlıq ənənələri əsrlərdir mövcuddur. Bu gün də bu münasibətlər yüksələn xətlə davam edir. Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm əlaqələrin olması bunun əyani sübutudur.
Prezident İlham Əliyevin son Rusiya səfəri bunu bir daha nümayiş etdirdi. Dövlət başçısının bu səfəri Rusiyadakı soydaşlarımız tərəfindən də maraqla qarşılanıb. Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev “Palitra”ya açıqlamasında bildirdi ki, bu gün Rusiyanın güclü olması üçün bölgədə etibarlı dost dövlətlərə ehtiyacı var: “İllər boyu Rusiya xarici siyasətinin etibar edib siyasi və iqtisadi investisiya yatırdığı ölkələrin əksəriyyəti bu gün Rusiya ilə olan ittifaqlarını pozublar. O dövlətlər Avropa lobbistlərinin təsiri altında Rusiyaya qarşı gizli mübarizələrə qoşulublar. Bunu görən Rusiya Prezidenti Vladimir Putin keçmişdə qurulan ittifaqları yenidən analiz edib yeni ölçülü ittifaqlar qurmaq məcburiyyətindədir. Məhz buna görə də Putinin təşəbbüsü ilə Prezident İlham Əliyev Soçiyə dəvət alaraq, görüş keçirdilər. Bu görüşdə ilk dəfə olaraq iki dövlət arasında çoxsaylı əhəmiyyətli müqavilələr imzalandı”.
Şamil Tağıyev dedi ki, görüşün əsas səbəbi tək imzalanan müqavilələr deyildi: “Əsas məsələlərdən biri də Azərbaycanın yeni qurulmaqda olan regional böyük üçlükdə və Rusiyanın rəhbərlik etdiyi ittifaqlarda rolu müzakirə edilmişdi. Çünki Azərbaycan bölgədə Rusiya ilə əməkdaşlığa sadiq qalan tək dövlət olaraq qalmaqdadır. Bunu da Rusiya hakimiyyəti yaxşı başa düşür və Azərbaycanla əməkdaşlığını bütün sahələrdə yeni bir yüksək təbəqəyə qaldırmağa çalışır”.
Fond rəhbərinin fikrincə, Rusiya ilə Azərbaycan arasında bugünkü günə kimi əlaqələrin möhkəmlənməsinə mane olan faktorlardan biri də Rusiyanın Ermənistana hərtərəfli dəstək olması idi: “Rusiya rəhbərlik etdiyi ittifaqlara Ermənistanı üzv olaraq qəbul edərək, süni şəkildə Ermənistanın daxili və xarici stabilliyini qoruyurdu. Bu da təbii ki, Azərbaycanda siyasi dairələri heç də qane etmirdi, çünki uzun illər Azərbaycanla Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsinin həlli daha da uzanır. Amma Ermənistandakı son məlum hadisələrdən sonra, Rusiya etibar etdiyi Ermənistanın yeni hakimiyyətinin daha çox Avropayönlü olduğunu başa düşdükdən sonra, bu ölkəyə qarşı da münasibətlərini yenidən nəzərdən keçirmək məcburiyyətində qaldı. Və məlum olan məsələ də budur ki, Ermənistan Rusiya ilə olan dostluqdan Gürcüstan və Ukrayna səhnəsi ilə uzaqlaşır. Məhz bu məsələlərə görə Rusiya Azərbaycanla əməkdaşlığını daha da möhkəmləndirməyə məcburdur, hətta bu iki dövlət arasındakı yeni ittifaq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana yeni qapılar açacaq”.
Fuad Hüseynzadə

Xəbər 328 dəfə oxundu.