Dini radikalizmlə mübarizədə preventiv tədbirlərin həyata keçirilməsi vacibdir
Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Məhərrəmlik ayı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə tədbir keçirilib. Komitənin mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, DQİDK sədrinin müavini Səyavuş Heydərovun iştirakı ilə keçirilən tədbirdə Azərbaycandakı dini durum, bu sahədə baş verən proseslər, tendensiyalar, o cümlədən bəzi xarici ölkələr, onların nəzarətində olan mərkəzlər tərəfindən respublikamıza qarşı dini müstəvidə yönəlmiş təhdid və təsirlər müzakirə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, Azərbaycanda ictimai-siyasi, o cümlədən dini durum sabitdir. S.Heydərovun sözlərinə görə, Azərbaycan dövlətinin din sahəsindəki başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsidir. S.Heydərov dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə də ətraflı məlumat verib. Natiq bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər qurumlar, o cümlədən hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. DQİDK-nın sədr müavini dini radikalizmlə mübarizədə preventiv (qabaqlayıcı), zəruri hallarda isə profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. S.Heydərov onu da qeyd edib ki, zərərli dini ideologiyaların təsirinə məruz qalan şəxslərin ətrafında müvafiq tədbirlər həyata keçirilməklə onların reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına diqqətin artırılması vacib məsələdir.
Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov çıxış edərək dini radikalizmə qarşı mübarizədə aidiyyəti qurumlarla, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyətin əhəmiyyətindən danışaraq, bu sahədə əldə olunmuş müsbət nəticələri qeyd edib. S.Bağırov bundan sonra da birgə fəaliyyətin daha da gücləndirilməsi, mütəmadi olaraq məlumat mübadiləsinin, eyni zamanda Məhərrəmlik ayı ilə əlaqədar ictimai-siyasi asayişin qorunması ilə bağlı zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.

Xəbər 40 dəfə oxundu.