Kim Çen In ABŞ-a məktub göndərib
KXDR lideri Kim Çen In Cənubi Koreyanın xüsusi nümayəndəsindən ABŞ hökumətinə məktub çatdırmağı xahiş edib. “Yonhap” agentliyi xəbər verir ki, Cənubi Koreyanın xüsusi nümayəndəsi Pxenyanda keçirilən görüş zamanı Prezident Mun Ce-inin məktubunu KXDR liderinə verib. Görüşdən sonra xüsusi nümayəndə Kim Çen Inın Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində irəliləyişin olmaması barədə Vaşinqtonun fikri ilə razılaşmadığını bildirib. KXDR lideri, həmçinin qeyd edib ki, Phunqeri poliqonunun ləğv olunması ölkəni praktiki olaraq yeni nüvə sınaqları keçirmək imkanından məhrum edib. Onun sözlərinə görə, dünya ictimaiyyəti Pxenyanın atdığı addımları layiqincə qiymətləndirmir. Kim Çen In eyni zamanda Donald Trampın 2021-ci ilin yanvarında prezident səlahiyyətləri bitənədək yarımadada vəziyyətin nizamlanması prosesinin başa çatacağına və ABŞ-la münasibətlərin yoluna qoyulacağına hələ də ümid etdiyini deyib. Xatırladaq ki, Donald Tramp və Kim Çen Inın iştirakı ilə tarixdə ilk ABŞ və KXDR sammiti iyunun 12-də Sinqapurda baş tutmuşdu. ABŞ prezidenti görüşün nəticəsinə əsasən, KXDR-lə sənəd imzalandığını və Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinin tez bir zamanda başlayacağını bəyan etmişdi. Şimali Koreya lideri isə öz növbəsində sammitin yekun sənədinin imzalanmasını hər iki ölkənin münasibətlərində yeni başlanğıc adlandırmış və böyük dəyişiklər vəd etmişdi.

Xəbər 61 dəfə oxundu.