Avqustda “193” Çağrı Mərkəzinə əmlakla bağlı 700-dən çox müraciət daxil olub
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “193” saylı Çağrı Mərkəzinə avqustda əmlakla bağlı 700-dən çox müraciət daxil olub. ƏMDK-dan bildirilib ki, komitə tərəfindən göstərilən bütün xidmətlərdə vətəndaş məmnunluğunu təmin etmək, əhali tərəfindən daxil olan müraciətləri operativ cavablandırmaq üçün “193” vahid Çağrı Mərkəzi fəaliyyət göstərir. Bu xidmət sayəsində istənilən vətəndaş komitənin fəaliyyət sferası ilə bağlı bütün suallara cavab tapmaqla yanaşı, hüquqi məsləhətlər də ala bilir. Dövlət əmlakının özəlləşdirilməsi, hərracların keçirilməsi, daşınmaz əmlakın qeydiyyatı, kadastr uçotu işləri və digər müraciətlərə mütəxəssislər tərəfindən həssaslıqla yanaşılır.
Çağrı Mərkəzinə təkcə avqust ayı ərzində ümumilikdə 700-dən çox müraciət daxil olub. Ümumi müraciətlərin 260-a yaxını daşınmaz əmlakın qeydiyyatı ilə bağlı, digərləri isə əsasən özəlləşdirmə, kadastr işləri, dövlət rüsumu və xidmət haqqı ilə bağlı müraciətlərdir. Vətəndaşların ünvanladığı 570-ə yaxın sorğu tipli müraciət komitənin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq dərhal cavablandırılıb. 150-dən aşağı araşdırılması tələb edilən müraciət isə qeydə alınaraq, müvafiq struktur bölmələrə göndərilib.
Daxil olan müraciətlərin bölgələr üzrə dinamikasına baxsaq, ötən ay digər şəhər və rayonlara nisbətdə paytaxt əhalisi tərəfindən mərkəzə daha çox müraciət daxil olub. Belə ki, müraciətlərin 550-dən çoxu Bakı sakinləri tərəfindən ünvanlanıb. Regionlar üzrə alınan nəticəyə uyğun olaraq komitə maarifləndirmə işlərini intensiv formada davam etdirir. Komitə tərəfindən reallaşan sosial əhəmiyyətli layihələrə olan ictimai maraq Çağrı Mərkəzinə edilən müraciətlərdə də öz əksini tapıb. Belə ki, xidmətlərin səyyar formada “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları ilə ünvanlarda göstərilməsi sakinləri əmlaklarını qeydiyyata almağa həvəsləndirir.
Müraciət etmək istəyən vətəndaşlar üçün Çağrı Mərkəzi canlı və səsli menyu rejimində xidmət göstərir. Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər və stasionar nömrələrdən “193” nömrəsinə edilən zənglər ödənişsizdir. Canlı rejim həftənin iş günləri fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.


Xəbər 132 dəfə oxundu.