Naxçıvanda uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr – Bilik Günü münasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib, onlara məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları təqdim edilib. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Təhsil Nazirliyində təşkil olunan tədbiri təhsil naziri Rəhman Məmmədov açaraq, dövlətimizin xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almalarına göstərdiyi qayğıdan bəhs edib və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqlara yaradılan şəraitdən söhbət açıb və şagirdləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək, onlara təhsildə müvəffəqiyyətlər arzulayıblar. Valideyn Fatma Məmmədova göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını ifadə edib. Qeyd edək ki, Təhsil Nazirliyi hər iki valideynini itirmiş 44, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud 275, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə aztəminatlı ailələr üzrə 70 olmaqla, ümumilikdə, 389 uşağı təhsil sovqatı ilə sevindirib. Muxtar respublikanın rayonlarında da analoji tədbirlər keçirilib.

Mahmud

Xəbər 197 dəfə oxundu.