Dollarsız neft ticarəti başlayır: Şanxay enerji birjasında ilk 600 min barel neft yuanla satılacaq | |
![]() Ekspertlər hesab edirlər ki, hələlik yaxın zaman üçün dollardan imtina etmək mümkün olmayacaq. Çünki milli valyuta ilə hesablaşma aparılarkən belə, nisbət kimi dolların qiyməti götürülür. Amma belə görünür ki, dollara qarşı ən böyük zərbəni böyük iqtisadi güc olan Çin vuracaq. Rəsmi Pekinin son həftədə atdığı iki addım dollar sistemindən qurtulmaq istəyən dövlətlər üçün ümid işığıdır. “RİA Novosti”nin eksperti Maksim Rubçenko yazır ki, son həftədə Pekin dollara ikiqat zərbə endirib. Bu zərbələrdən birinin effekti çox böyük ola bilər. Belə ki, Şanxay beynəlxalq enerji birjasında neftin ticarətinin dollarla deyil, yuanla edilməsinə başlanılıb. Sentyabr ayında alıcılar ilk 600 min barel nefti yuan nominalı ilə əldə edəcəklər. Ekspertlər hesab edirlər ki, yuanla neft ticarətinə marağın sürətlə artacağı gözlənilir. Beynəlxalq iqtisadiyyat üzrə ekspert Rori Holl bildirir ki, bu addım ABŞ-ın beynəlxalq miqyasda dollardan istifadəetmə qaydasında dəyişiklik yarada bilər. Belə ki, dollar istifadə etmədən neft ticarətinin reallaşması dünya ticarət qaydalarına təsirsiz ötüşməyəcək. Ekspertin fikrincə, Rusiya ilə Çinin iqtisadi əlaqələrinin genişlənməsini də nəzərə alanda, onda dolların ehtiyat valyuta kimi statusuna real təhlükə yaranır. Holl hesab edir ki, yuanla neft ticarəti artmaqda davam etsə, dollara əsl təhlükə onda yaranacaq. Çinin ikinci zərbəsi də ekspertlər üçün gözlənilməz olub. “Goldman Sachs” ekspertləri müşahidə ediblər ki, ABŞ dövlət istiqrazlarına yatırılan investisiyalar Çin qiymətli kağızlarına yönəlməyə başlayıb. Artıq yuana bu formada kapital axınında artım müşahidə edilir. Çin Dövlət Şurası prosesi sürətləndirmək üçün yeni qərar qəbul edib. Həmin qərar, əsasən, Çin qiymətli kağızlarını alan, investisiya yatıranlara vergi güzəştləri tətbiq ediləcək. “Goldman Sachs”ın hesablamalarına görə, yaxın 5 il ərzində investorlar Çin qiymətli kağızlarına trilyon dollardan çox vəsait yatıracaqlar ki, bunun da təxminən 35 faizi ABŞ dövlət istiqrazlarından imtina ilə mümkün olacaq. Ekspert Rori Holl hesab edir ki, ABŞ dollarından müəyyən qədər olsa belə, imtina ABŞ iqtisadiyyatı üçün problemlər yarada bilər: “Dollardan 30-40 faiz, hətta bundan az miqdarda imtina nəticəsində “artıq” dollarlar ABŞ iqtisadiyyatına qayıdacaq və inflyasiyasını artıracaq”. Nobel mükafatı laureatı Ceffri Saks “Project Syndicate” nəşrinə müsahibəsində bildirib ki, Ağ Evin siyasəti dollar epoxasının sonunu gətirə bilər: “Çin, Avropa İttifaqına üzv ölkələr və digər dövlətlər ödəmə və ehtiyat kimi dollardan uzaqlaşmağa çalışacaqlar. Nəticədə Ağ Ev nəhəng dövlət borcu və büdcə kəsiri ilə üz-üzə qalacaq”. Anar Miriyev |
|
Xəbər 261 dəfə oxundu. |
|
|