Armen Qriqoryan: «Rusiya hələ də bizə güvənmir»
“Bu gün Paşinyan hakimiyyətində təmsil olunan məmurların əksəriyyəti qərbyönümlü olmaqla yanaşı, həm də Soros təqaüdçüləridirlər”

Ermənistanın xarici siyasətində heç bir dəyişiklik olmadığını bildirən Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, bununla belə, Ermənistan-Rusiya münasibətlərinə o qədər də etimadının olmadığını dilə gətirib: «Bu gün Ermənistanın xarici siyasət kursunun dəyişdirilməsi barədə söylənilənlər həqiqətə uyğun deyil. Mənə əminliklə, bu barədə hər hansı bir sübut göstərməyə də ehtiyac yoxdur. Bizim xarici kursumuz dəyişməz olaraq qalmaqdadır. Bu gün bizim Rusiya ilə yaxşı münasibətlərimiz mövcuddur. Hazırda tərəflər arasında olan etibarsızlıq amili isə vaxt məsələsidir. Ona görə də biz rusiyalı biznes adamları ilə bu istiqamətdə işlərimizi davam etdiririk, əminəm ki, yaxın gələcəkdə bütün məsələlər öz həllini tapacaq». Qriqoryan bu sözləri «Noev Kovçeq» nəşrinə verdiyi açıqlamada bildirib.
Qeyd edilməlidir ki, Qriqoryanın belə bir açıqlama ilə çıxış etməsi əsassız deyil. Çünki nəşrin xatırlatdığına görə, bir müddət bundan əvvəl Ermənistan Parlamentinin deputatı Artaşes Qeqamyan yerli nəşrlərin birində dərc etdirdiyi məqaləsində yeni hökumət rəsmilərinin Rusiyaya qarşı qərəzli, şübhəli, düşmənçilik münasibətində olduqlarını bildirmişdi. Qeqamyanın sözlərinə görə, bu gün Paşinyan hakimiyyətində təmsil olunan məmurların əksəriyyəti qərbyönümlü olmaqla yanaşı, həm də Soros təqaüdçüləridirlər. Deputat bugünkü Paşinyan komandasında digər "dağıdıcı" strukturların üzvlərinin təmsil olunduğunu da istisna etmir. Maraqlıdır ki, erməni deputat Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da həmin şəxslərdən biri olduğunu istisna etmir. Geqamyana görə, məhz bu səbəbdən mövcud hakimiyyət orqanlarının bəyanatlarında Ermənistanın Rusiya ilə münasibətlərinın gedişatının dəyişməyəcəyinə inamın olmaması, əslində, onların Qərbə doğru yönəldilməsidir.
Təbii ki, şura katibi Armen Qriqoryan başqa fikirdədir. Onun fikrincə, bu gün Ermənistanda əsas problem insanların stereotiplər baxımından başqa cür düşünmələridir. «Məsələn, Qərbdə təhsil alan və ya hər hansı bir beynəlxalq təşkilatda işləyən hər hansı bir şəxs, məgər antirus olur? Biz bu stereotipləri məhv edirik. Bu gün Rusiyanın özündə də, xaricdə təhsil alanlar yetərincədir. Lakin bu o demək deyil ki, onlar vətənpərvər deyillər. Təbii, bizim də komandada Avropa ölkələrində təhsil alanlar kifayət qədərdəir və onlar bu gün Ermənistanın vətənpərvərləridirlər. Bu gün bizim komandada nə antirusiya, nə də antiavropa yanaşmaları mövcuddur, bu gün bizdə yalnız ermənipərəst yanaşmaları var. Biz dövlət adamlarıyıq və ölkəmizin, onun maraqlarının qayğısına qalırıq. Bununla belə, Ermənistanın bugünkü maraqları Rusiya ilə sıx bağlıdır. Ermənistanın təhlükəsizliyi, onun iqtisadiyyatı müəyyən dərəcədə Rusiya ilə bağlıdır» -deyən Armen Qriqoryan iki ölkə arasındakı münasibətlərin strateji xarakter daşıdığını bildirib.
Xatırlatmaq yerinə düşər ki, vaxtilə rusların Qafqazdakı himayədarlarından olan A Qriboyedov həmkarı A. Mazareviçə ünvanladığı raportunda «…onlar üçün gördüyüm bu qədər iş müqabilində onlar məni tanımaq belə istəmirlər. . Ancaq həmişə qulağıma pıçıldayaraq deyirlər ki, ruslar onların havadarlarıdır. Sözdə belə deyir, ancaq əslində erməniləri təpik altına salmağa hazır olan başqalarına satılırlar" –yazmışdı.
Təbii ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibinin belə bir açıqlama ilə çıxış etməsi, hər şeydən əvvəl Paşinyanın qarşıdakı Rusiya səfərinə hesablanıb. Axı ermənilər özləri də bir müddət bundan əvvəl Baş nazir Paşinyanın Kremldə çətin görüş keçirəcəyini etiraf etmişdilər.


Ağasəf Babayev



Xəbər 218 dəfə oxundu.