Gürcüstanda azərbaycanlı abituriyentlər ali məktəblərə qəbul ola bilmir
Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən olan bir qrup abituriyent sentyabrın 6-da bu ölkənin Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin qarşısında aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, aksiyada paytaxt Tbilisi ilə yanaşı, Marneuli və Qardabanidən olan abituriyentlər və onların valideynləri iştirak ediblər.
Bildirilib ki, bu il mindən çox azərbaycanlı məzun Gürcüstan Vahid İmtahan Mərkəzinin müəyyən etdiyi qaydalara uyğun olaraq, ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Onlar lazımi miqdarda keçid balı toplasalar da, seçdikləri universitetlərə qəbul ola bilməyiblər. Səbəb isə həmin universitetlərdə təhsil almaq üçün daha yüksək bal toplayanların çoxluğu və azərbaycanlı abituriyentlərin daha az universitet seçmələridir.
Aksiyaya rəhbərlik edən "Avropa Gürcüstanı" partiyasının liderlərindən biri Əhməd İmanquliyev jurnalistlərə bildirib ki, indi əsas məqsəd nazirliyin köməyi ilə həmin abituriyentlərin digər universitetlərdəki vakant yerlərə yerləşdirilməsinə nail olmaqdır. Onun sözlərinə görə, bu gün 482 abituriyent imtahan verərək müəyyən olunmuş keçid balını toplayib. Lakin onlar təhsil almaq üçün çox məhdud sayda universitet seçiblər.
Abituriyentlər adından Gürcüstan parlamentinə və nazirliyə müraciət olunub. Hazırda bu dövlət qurumundan cavab gözlənilir.
Ə.İmanquliyev məsələnin diqqətdə saxlanılacağını və abituriyentlərin ali məktəblərə yerləşdirilməsi üçün qanun çərçivəsində bütün imkanlardan istifadə olunacağını bildirib.

Mahmud

Xəbər 45 dəfə oxundu.