Beyləqanın Əmirzeyidli kəndinə təbii qaz verilib
Beyləqan rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Əmirzeyidli kəndi də əlavə olunub. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 183 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 min 908 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər sakinləri kəndin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Beyləqan rayonunda həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Əmirzeyidli kəndinə təbii qazın verilməsi sakinlər tərəfindən böyük sevinclə qarşılanıb. Kənd sakinləri yaşayış məntəqəsinin təbii qazla təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

Xəbər 80 dəfə oxundu.