“Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq”
“Qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atacağıq və ixrac coğrafiyasını da genişləndirmək fikrindəyik” “Bizim siyasi dialoqumuz çox fəal aparılır. Xanım Prezident qeyd etdiyi kimi, biz tez-tez görüşürük. İki il bundan əvvəl xanım Prezident Azərbaycanda rəsmi səfərdə idi. Səfər çox uğurlu keçmişdir və çox gözəl nəticələri olmuşdur. Keçən il biz bir beynəlxalq konfrans çərçivəsində görüşmüşdük. Bu gün də mən Xorvatiyadayam. Bu, göstərir ki, siyasi dialoq çox fəaldır. Bu, onu göstərir ki, Xorvatiya və Azərbaycan doğrudan da strateji tərəfdaşlardır. Xanım Prezidentin qeyd etdiyi kimi, beş il bundan əvvəl Zaqrebdə bu barədə Bəyannamə imzalanmışdır”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə birgə mətbuata bəyanatla çıxışı zamanı səsləndirib. Prezident deyib ki, strateji tərəfdaşlıq əlaqələrimiz genişlənir, güclənir: “Bu gün bir çox məsələlər müzakirə olundu. Xanım Prezident bu barədə məlumat verdi. Öz tərəfimdən qeyd edim ki, biz Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyirik. Ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilməz. Hesab edirəm ki, hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, eyni zamanda, müştərək investisiya layihələri də icra edilə bilər. Əlbəttə ki, bizim energetika sahəsində əməkdaşlığımız çox önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası ilə çox fəal məşğuldur, bu nəhəng layihənin təşəbbüskarı olmuşdur. Bu layihə 7 ölkəni birləşdirir, Bakıdan Avropaya qədər 3500 kilometr uzunluğunda qaz kəmərinin çəkilişini və Azərbaycanın nəhəng “Şahdəniz” yatağının işlənilməsini nəzərdə tutur. Dörd seqmentdən ibarət olan bu layihə uğurla icra edilir. Bu ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. İyun ayında isə biz TANAP layihəsinin açılışını qeyd etdik. Beləliklə, əminəm ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər. Əlbəttə ki, Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir. Bakıda dörd il ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları keçirilir. Xorvatiya bu toplantılarda yüksək səviyyədə təmsil olunur. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da imzalanmışdır. İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır. Azərbaycanın qaz ehtiyatları çox böyükdür. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu, onu göstərir ki, biz, qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atacağıq və ixrac coğrafiyasını da genişləndirmək fikrindəyik”.

Anar

Xəbər 51 dəfə oxundu.