“Hazırda Avropa İttifaqı və Azərbaycan yeni Saziş üzərində işləyir”
“Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır” “Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Bu ilin iyul ayında Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmışdır. Bu, yeni Sazişin imzalanması üçün çox önəmli bir addımdır. Hazırda Avropa İttifaqı və Azərbaycan yeni Saziş üzərində işləyir. İşlər yaxşı gedir və Xorvatiya həmişə bizim Avropa İttifaqı ilə əməkdaşlığımızı dəstəkləmiş və öz dəyərli töhfəsini vermişdir. Avropa İttifaqı ilə bizim əlaqələrimiz bir çox sahələri əhatə edir, siyasi islahatlar, iqtisadi əməkdaşlıq, enerji əməkdaşlığı və nəqliyyat sahəsindəki əməkdaşlıq. Azərbaycan bu sahədə də öz töhfəsini verir”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə birgə mətbuata bəyanatla çıxışı zamanı səsləndirib. Prezident deyib ki, keçən ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olub: “Bu yol nəinki Azərbaycanı Türkiyə ilə birləşdirir, Asiyanı Avropa ilə birləşdirən yeni yoldur, yeni nəqliyyat damarıdır, ən qısa yoldur. Bu yol artıq fəaliyyətdədir. Göndərilən yüklərin həcmi hər gün artır və Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini vermişdir. Ümid edirəm ki, xorvatiyalı tərəfdaşlarımız bu yoldan da istifadə edə biləcəklər. Çünki bu, nəqliyyat və iqtisadi sahələrdə çox gözəl layihədir. Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir. Mənim NATO-ya çoxsaylı rəsmi səfərlərim olmuşdur. Yaxın keçmişdə Azərbaycan Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasındakı öz hərbi kontingentinin sayının artırılması ilə bağlı qərar qəbul etmişdir. Artıq 120 azərbaycanlı hərbçi Əfqanıstanda xidmət göstərir. Eyni zamanda, “Qətiyyətli dəstək” missiyasının təmin olunması üçün Azərbaycan öz hava məkanını və nəqliyyat infrastrukturunu təqdim edib. Bu da missiyanın uğurla davam etməsi üçün çox önəmli məsələdir. Bir sözlə, həm Avratlantik strukturlarla bizim əlaqələrimiz, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır. Bu gün xanım Prezident qeyd etdiyi kimi, bir çox sahələrdə gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma sahələrində bütün istiqamətlər üzrə, əminəm ki, yaxşı nəticələr olacaq. Müvafiq göstərişlər verildi. Əminəm ki, hökumətlərarası müştərək komissiya bütün bu göstərişləri vaxtında və yüksək səviyyədə icra edəcək”.

Xəbər 51 dəfə oxundu.