Xorvatiya Prezidenti: “Azərbaycan və Xorvatiya əsl dostlardır”
“Biz bu gün əməkdaşlığımızın bir sıra sahələrində mövcud olan böyük potensial haqqında danışdıq. Biz, həmçinin siyasi məsələlər üzrə fikir mübadiləsi apardıq, o cümlədən enerji, iqtisadiyyat, mədəniyyət, elm-texnologiya, təhsil və əlbəttə ki, xalqlarımız arasında birbaşa təmasların inkişafı haqqında danışdıq. Mən bu gün imzalanmış sənədləri vacib hesab edirəm, alqışlayıram və bu, bizim ikitərəfli münasibətlərimizə təkan verəcək. Azərbaycan və Xorvatiya əsl dostlardır. Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik”. Bu fikirləri Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidenti ilə birgə mətbuata bəyanatla çıxışı zamanı səsləndirib. Xorvatiya Prezidenti deyib ki, biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk: “İnanıram ki, biz müdafiə sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. Çünki biz, 2013-cü ildə müdafiə sahəsində də əməkdaşlıqla bağlı anlaşma memorandumu imzaladıq. Bu baxımdan zabitlərimiz və hərbçilərimiz, əsgərlərimiz bir sıra müxtəlif hərbi kurslarda, hərbi məktəblərdə öz təhsilini artıra bilərlər. Biz, həmçinin iqtisadi əməkdaşlığa da toxunduq. İnanıram ki, biz bunu inkişaf etdirə bilərik. Çünki bu sahədə hazırkı vəziyyət hələ o qədər də istənilən səviyyədə deyil. Bildiyiniz kimi, iqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Biz, həmçinin Bakıda bu komissiyanın son iclasını keçirmişik və istərdik ki, növbəti sessiya yaxın zamanlarda öz işinə başlasın. Təbii ki, bu çərçivədə əczaçılıq və enerji sahəsinə xüsusi diqqət yetirməliyik. İnanıram ki, Xorvatiya digər sahələrdə də öz təcrübəsi ilə bölüşə bilər. Bu gün biz, bu əməkdaşlığın, həmçinin əczaçılıq sahəsində də genişləndirilməsi haqqında danışdıq. Prezident bununla bağlı qeyd etdi ki, şirkətlərimiz tərəfindən Xorvatiya ilə Azərbaycan arasında birgə müəssisə təsis edilə bilər. Bunun sayəsində bizim əczaçılıq şirkətləri üçün fürsət yaranacaq ki, onlar Mərkəzi Asiya və ümumiyyətlə, Xəzər hövzəsi regionuna çıxış əldə etsinlər, o cümlədən Azərbaycanda da fəaliyyət göstərsinlər. Təbii ki, bu da bizim aramızda ticari münasibətləri də inkişaf etdirəcəkdir”.

Xəbər 75 dəfə oxundu.