Gəncədəki körpələr evi-uşaq bağçalarının vəziyyəti müzakirə edilib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının rəhbərləri ilə görüşüb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, uşaq bağçalarındakı ümumi vəziyyətin öyrənilməsi məqsədi daşıyan görüşdə bir sıra məsələlərə diqqət yetirilib.
Məlumat verilib ki, Gəncədə 42 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Onlardan da cəmi 8-i tam təmirlidir. Digər 34 körpələr evi-uşaq bağçasında əsaslı təmir-tikinti işlərinə ehtiyac var. Bu binalarda istilik sistemlərinin nasaz vəziyyəti, avadanlıqların köhnə olması uşaqlarla təlim-tərbiyə işinin müasir standartlar səviyyəsində qurulmasına imkan vermir. Bunlarla bərabər qida təminatı məsələsi də müzakirə edilib. Bildirilib ki, qiymətlərin münasib olmaması və vaxtaşırı ləngimələrin yaşanması körpələr evi-uşaq bağçalarında qida normasının pozulmasına gətirib çıxarır və bütün bu hallar valideynlərin haqlı narazılığına səbəb olur. Görüşdə Gəncədə körpələr evi-uşaq bağçalarına tələbatın yüksək olduğu, lakin qrupların və pedaqoji kadrların çatışmadığı da qeyd edilib. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq bağçalarında işin müasir tələblər səviyyəsində qurulması üçün, ilk növbədə, sağlam psixoloji mühitin və valideynlərlə səmimi münasibətin formalaşdırılmasının vacibliyini vurğulayıb. Görüşdə qaldırılan problemlərin qısa zamanda həll olunması üçün aidiyyəti qurum və şəxslərə göstərişlər verilib. Səslənən bir sıra təklif isə baxılması və dəyərləndirilməsi üçün qeydiyyata alınıb.

Xəbər 29 dəfə oxundu.