Yeni açılan müəssisələrdə yüzlərlə iş yeri yaradılıb
Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini üzə çıxarmaqla yanaşı, işsizlik probleminin aradan qaldırılmasında mühüm amildir. Bu gün ölkədə davamlı olaraq yeni müəssisələrin açılması məhz həmin istiqamətdə mövcud problemlərin həllində böyük rol oynayır. Cari ildə də müxtəlif sahələrdə bir çox yeni müəssisələr fəaliyyətə başlayıb ki, bu da yeni iş yerləri deməkdir.
Bu gün müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müasir aqroparkların yaradılması xüsusi əhəmiyyətə malikdir. Aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına da səbəb olur. İndiyə qədər aqroparkların yaradılması üçün dövlət dəstəyi hesabına infrastruktur, o cümlədən su, elektrik, qaz və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 218 milyon manatdan çox investisiya qoyulub. Ümumi dəyəri 457 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına dövlət tərəfindən 111,2 milyon manat güzəştli kredit ayrılıb və 15 aqropark üzrə dəyəri 563,5 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq dörd aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb.
Bu günlərdə Prezident İlham Əliyev İsmayıllı rayonunda “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın açılışında iştirak edib. Yeni aqroparklardan olan Kürdmaşı kəndində fəaliyyətə başlayan “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkda gələcəkdə aqroparkda məhsul istehsalının 3 dəfə artırılması, soyuducu anbar kompleksinin 15 min tona çatdırılması və bitki yağları istehsalı sahəsinin yaradılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində hazırda 24 nəfər işlə təmin olunub.
Qeyd edək ki, bir müddət öncə Goranboy rayonunda da “Region Agropark”ın açılışı olub. Aqroparkda hazırda 100 nəfər daimi işlə təmin edilib.
Bundan başqa, yeni yaradılan müəssisələr sırasında İsmayıllı rayonunun Keyvəndi kəndinin ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksi də var. Layihənin icrası nəticəsində 14 nəfər işlə təmin olunub. Gələcəkdə iş yerlərinin 70-ə çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər çərçivəsində Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak ediblər. Üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib. Hazırda müəssisədə Meysəri kəndi və ətraf ərazilərin sakinlərindən 200-dək insan işlə təmin olunub.
Yeni fəaliyyətə başlayan müəssisələrdən biri də ölkə başçısının iştirakı ilə paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzidir. Tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Müəssisədə ümumilikdə 350 nəfər işlə təmin edilib.
Cari ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaq. Zavodda yüzlərlə iş yeri yaradılır, 500-dən çox yeni iş yeri yaradılacaq.
Bu gün əhalinin işlə təminatında mühüm rol oynayan sahələrdən biri də yerlərdə yaradılan xalça emalı müəssisələridir. Prezident İlham Əliyev bu günlərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında iştirak edib. Qeyd edək ki, artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib. “Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba və Xaçmazdakı müəssisələr dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib.
Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan “Yunəyirici - boyaq” fabrikinın, Horadiz, Şəmkir, Quba və Xaçmazda 5 regional yun və boyaq tədarükü məntəqəsinin inşası davam etdirilir. Artıq ölkə başçısının müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Artıq istifadəyə tam hazır olan “Azərxalça” ASC-nin İsmayıllı filialı da bu sırada mühüm yerlərdən birini tutur. Burada 150 toxucunun və 12 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Ölkə başçısı bildirib ki, xalçaçılığın inkişafı ilə bağlı çox ciddi tədbirlər görülür: “Bölgələrdə xalça fabriklərinin yaradılması bu işlərin bir hissəsidir. Bu, son müddət ərzində açılan sayca beşinci fabrikdir. İlin sonuna qədər daha beş fabrik açılacaq. Ümumiyyətlə, nəzərdə tutulur ki, ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq və minlərlə insan, xüsusilə qadınlar işlə təmin olunacaqlar. Bu fabriklərdə çalışanlar da qadınlardır. Biz qadınlar üçün də iş yerləri yaradırıq”.
Beləliklə, ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması öz növbəsində sosial məsələlərin həllinə müsbət təsir göstərir. Ölkədə iqtisadi aktivliyin davamlı şəkildə artması fonunda insanlar iş yerləri ilə təmin edilirlər. Cari ilin sonunadək bir sıra yeni müəssisələrin açılışı da nəzərdə tutulur ki, bu da neçə-neçə yeni iş yerlərinin açılması deməkdir.

Nigar Abdullayeva


Xəbər 168 dəfə oxundu.