“Yaponiya xarici işlər nazirinin səfərinin konkret nəticələrini yaxın gələcəkdə görəcəyik”
Əlibəy Məmmədov:
“Taro Kanonun konkret plan və təkliflərlə səfər etməsi, Azərbaycanın Şərqi Asiyada, eyni zamanda dünyada olan nüfuzundan xəbər verir”

Bildiyimiz kimi, sentyabr ayının 5-də Yaponiya xarici işlər naziri Taro Kano Azərbaycana rəsmi səfərə gəlmişdi. Bu səfərlə bağlı Yaponiyada yaşayan həmvətənimiz, konfliktoloq, eyni zamanda Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədovun fikirlərini öyrəndik.
Əlibəy Məmmədov bildirdi ki, Yaponiya kimi dünyanın super inkişaf etmiş dövlətinin xarici işlər nazirinin Azərbaycana 19 ildən sonra konkret plan və təkliflərlə səfər etməsi, Azərbaycanın Şərqi Asiyada, eyni zamanda dünyada olan nüfuzundan xəbər verir: “Biz bu səfərin konkret nəticələrini yaxın gələcəkdə öz gözlərimizlə görəcəyik. Yaponiya xarici işlər nazirinin Azərbaycana səfəri ilə bağlı Azərbaycan mediasında geniş tərkibli məlumatlar verildi. Bu baxımdan mən məsələyə sırf Yaponiya Xarici İşlər Nazirliyinin mövqeyindən yanaşaraq və nazirliyin rəsmi elektron səhifəsində yayımlanmış məqalələrə istinad edərək məlumat vermək istərdim. Bildiyimiz kimi, Yaponiya xarici işlər naziri Taro Kano Bakıda Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Baş nazir Novruz Məmmədovla rəsmi görüşlər keçirdi. Ölkə başçısı ilə keçirilən görüşdə Taro Kano Yaponiyanın regionla bağlı konkret planları haqqında məlumat verdi. Belə ki, Avropa və Asiyanı birləşdirən Cənubi Qafqaz regionunun daha da inkişaf etməsinə dəstək üçün iki əsas istiqamətə toxundu. Bunlardan 1-cisi ölkə quruculuğunda əsas faktor olan insan kapitalına dəstəkdir (mütəxəssislərin yetişdirilməsi). 2-cisi cəlbedici Cənubi Qafqaz regionunda infrastruktur və biznes mühitinin daha da inkişaf etdirilməsinə dəstəkdir, hansı ki, Yaponiya tərəfi bunu “Cənubi Qafqaz İnisiativi” adlandırır. Taro Kano bu istiqamətlər haqqında ölkə başçısına məlumat verdikdən sonra bu istiqamətdə Azərbaycanla Yaponiyanın qarşılıqlı əməkdaşlığına böyük ümidlər göstərdiyini ifadə etmişdir. Üstəlik, Azərbaycan vətəndaşlarına viza almaq işinin sadələşdirilməsi istiqamətində qərar verdiklərini də ölkə başçısının diqqətinə çatdırmışdır. Eyni zamanda Yaponiya şirkətlərinin Azərbaycanın enerji sahələrinin inkişafında fəal şəkildə iştirakının bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etmişdir. Bunlar qarşılığında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Yaponiyanın Azərbaycanla bağlı layihələrini yüksək qiymətləndirdiyi, bundan sonra da Yaponiya tərəfi ilə əməkdaşlıq etməklə, inkişaf etmiş texnologiyalar ölkəsi olan Yaponiya şirkətlərinin Azərbaycana daha da çox gəlməsinə ümid bəsləndiyini qeyd etmişdir. Taro Kano və Prezident İlham Əliyev Yaxın Şərqdə cərəyan edən hadisələr ətrafında da fikir mübadiləsi aparmışlar”.
Əlibəy Məmmədov davam edərək dedi ki, Taro Kano daha sonra 11:30-dan təxminən 70 dəqiqə Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovla rəsmi görüş keçirib: “Bu görüş zamanı, iki ölkə münasibətləri, regionda cərəyan edən hadisələr haqqında ətraflı fikir mübadiləsi aparılmışdır. Taro Kano, Yaponiyanın xarici işlər naziri kimi 19 ildən sonra Azərbaycana rəsmi səfər etməsindən məmnunluğunu ifadə etməklə yanaşı, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun cari ilin iyul ayında Yaponiyada güclü yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə bağlı başsağlığına qarşılıq öz təşəkkürünü bildirmişdir. Eyni zamanda Yaponiyanın, Avropa, Asiya, Yaxın Şərq regionlarının toqquşduğu bir məkanda yerləşməklə, beynəlxalq enerji təhlükəsizliyi və regionun inkişafında açar rolunu oynayan əsas dövlət kimi Azərbaycana hörmətlə yanaşdıqlarını, hər iki ölkə münasibətlərini daha da inkişaf etdirmək məqsədilə yeni mərhələyə qaldırmaq üçün Elmar Məmmədyarovla bundan sonra da birlikdə əməkdaşlıq edəcəklərini qeyd etmişdir.
Buna qarşılıq olaraq, Elmar Məmmədyarov Taro Kanonun Azərbaycana rəsmi səfərini ürəkdən xoş qarşıladıqlarını və bundan sonra da iki ölkə münasibətlərinin daha da gücləndirilməsi istiqamətində əlindən gələni edəcəyini vurğulamışdır.
Taro Kano Prezident İlham Əliyevlə görüşündə qeyd etdiyi Yaponiya Cənubi Qafqazla və Azərbaycanla bağlı planları haqqında Elmar Məmmədyarova da ətraflı məlumat vermişdir. Hər iki nazir Şərqi Asiya, Cənubi Qafqaz, Yaxın Şərq ətrafında baş verən hadisələrlə bağlı, eyni zamanda “GUAM və Yaponiya” əməkdaşlığı haqqında fikir mübadiləsi aparmışlar. Taro Kano Yaponiyanın ağrılı yeri olan Şimali Koreya məsələsi ilə bağlı Koreya yarımadasının nüvə silahından təmizlənməsi istiqamətində Təhlükəsizlik Şurasının qərarlarının tam yerinə yetirilməsinin vacibliyi vurğulamışdır.
Fuad

Xəbər 213 dəfə oxundu.